Xətainin heykəli adına yaraşmır: Yazıq görkəmli şair yox, at belində sərkərdə olmalıdır

Bakının Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin abidəsinin yeri ilə bağlı bir sıra müzakirələr aparılıb. Hazırda Yusif Səfərov küçəsində intensiv hərəkətin müşahidə edildiyi iki yolun ortasındakı ərazidə yerləşən abidənin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi vətəndaşların abidəni ziyarət edə bilməməsidir. Heykəlin yerinin dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yaranan narazılıqlar ara-sıra müzakirə edilirdi. 

Xətainin abidəsi ilə bağlı müzakirə edilən məqamlardan biri də heykəlin əzəmətli olmamasıdır. İddialara görə, Şah İsmayıl Xətai kimi dahi sərkərdənin abidəsi çox sönük, eyni zamanda sadədir. Hazırkı abidədə Xətainin sadəcə olaraq bir şair kimi təsvir edildiyi söylənilir. 



Dilavər Əzimli: "Xətai hökmdar, yenilməz sərkərdə, şair, təriqət piri, bütöv Azərbaycanın xəritəsini cızan bir adamdır"


Xətainin abidəsinin çox yöndəmsiz bir yerdə qoyulduğunu deyən tarixçi-alim Dilavər Əzimli Sherg.az-a açıqlamasında bildirib ki, heykəl yaradılanda bir çox insanlar buna sevinmişdilər. 

Tarixçinin fikrincə, hazırkı abidə Şah İsmayıl Xətaiyə yaraşmır:

“İndiki heykəldə onu yazıq görkəmli və daha çox şair kimi təqdim ediblər. Xətai hökmdar, yenilməz sərkərdə, şair, təriqət piri, bütöv Azərbaycanın xəritəsini cızan bir adamdır. Amma bütün bunların heç biri abidədə əks olunmayıb. Yeni abidə qoyularkən elə yer seçilməlidir ki, Xətainin at belində olan motivləri əks olunsun. Əvvəllər indiki abidənin yanına keçmək olurdu, indi isə yaman günə qoyublar. Hər il iyulun 17-də Xətainin doğum gününü qeyd edirdik.  Bütün alimləri abidənin yanına yığırdıq. Ora gül aparmalıyıq, amma heç cürə keçmək olmur. Abidə olan yeri elə daraldıb və pis günə qoyublar ki, sanki bunu qəsdlə ediblər. Gərək abidəni elə yerdə qoyardılar ki, onun ətrafına nə vaxt istəyəndə getmək mümkün olardı. Bunu nə gürcü, nə də ermənilər edər. Şah İsmayıl Xətaiyə bu nə sayğısızlıq, nə hörmətsizlikdir? Xətainin adına restoran tikirlər və orada araq, çaxır verirlər.  Adını da qoyurlar ki, “biz iş görürük”. İşi belə görmürlər, işi gürcülər, avropalılar kimi görürlər. Qarına çaxırlar doldurmaqla iş getmir. Xətainin adına restoran açınca ona məxsus bir yer düzəldərdilər. Nəsillərə örnək verib qəhrəmanlarımızı təqdim etməliyik. İranda Xətaiyə nə boyda əzəmətli heykəl qoyublar. Amma bizim böyük sərkədəmizə göstərdiyimiz münasibətə baxın”.

"Xətainin adına restoran tikirlər və orada araq, çaxır verirlər.  Adını da qoyurlar ki, “biz iş görürük"


Tarixçinin sözlərinə görə, Xaçmazda da Xətainin cılız heykəli var:

“Heykəllərdə əzəmət yoxdur. Belə təbliğat aparmaq olmaz. Mən belə abidələrə yaxşı baxmıram. Ruslar Sankt-Peterburqda 1-ci Pyotra elə yerdə heykəl qoyublar ki, hansı tərəfdən baxırsan bax Pyotr atın üstündə görünür və düz adama baxır. İnsan düşünür ki, bunu hazırlayan heykəltaraşa halal olsun. Təəssüf ki, pulları ancaq mənasız yerlərə xərcləyirlər. Hər zaman Xətainin abidəsi ilə bağlı məsələ mənim yaralı yerim olub. Bəs, Cümhuriyyət qurucularının, Nuru Paşanın, Ənvər Paşanın  abidəsi haradadır? Heç olmasa bir dənə Cümhuriyyət parkı yaradılsın və həmin parkda abidələr qoyulsun. Amma məmurlarımız səfeh yerlərə pullar xərcləyirlər. Tarixdə Xətailər qalacaq. Millətimizə dahi şəxsiyyətlərimizi yaxşı tanıtmalıyıq. Xətai böyük Azərbaycan dövlətini yaradıb. Biz bu gün minnətdar olmalıyıq ki, Azərbaycan sərhədləri məhz Xətainin hesabına tam aydınlığı ilə bizə çatıb. Amma təəssüf ki, ona olan borcumuzu ödəyə bilmirik”.