“Keçmişin səhvlərinə yol verməmək, dövlətçiliyimizi xarici və daxili təhdidlərdən qorumaq naminə bu məsələ hamımız üçün çox önəmlidir”
“Aprel işğalının 100-cü ildönümünü diqqətdə saxlamaq və xatırlamaq bizim mənəvi borcumuzdur”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov deyib.
Tarixçi-alim bildirib ki, bizim dövlətimiz özünü işğal nəticəsində süqut etmiş Azərbyacan Cümhuriyyətinin hüquqi varisi sayır. Ən azından bu səbəbə görə, məsələyə diqqət yetirilməlidir:
“İndiki mürəkkəb şəraitdə təbii ki, geniş tədbirlərin həyata keçirilməsi qeyri-mümkündür. Lakin bu mövzunu gündəmdə saxlamaq, televiziya, mətbuat, elektron KİV-lər vasitəsilə işıqlandırmaq çox vacibdir. Elmi ictimaiyyətin iştirakı ilə videokonfransların keçirilməsi də yaxşı olardı. Hesab edirəm ki, biz bu tarixi hadisəni təkcə aprelin son həftəsində qeyd etməklə kifayətlənməməliyik. İlin sonunadək müxtəlif səviyyəli tədbirlər təşkil etmək, kitablar nəş etdirmək olar. Zənnimcə, tariximizin gedişatını köklü surətdə dəyişdirmiş aprel işğalının səbəblərini və nəticələrini araşdırmaq cəmiyyətimiz üçün indi də aktualdır. Keçmişin səhvlərinə yol verməmək, dövlətçiliyimizi xarici və daxili təhdidlərdən qorumaq naminə bu məsələ hamımız üçün çox önəmlidir”.