İDDİA: “AXC-nin işğalı aprelin 26-dan 27-nə keçən gecə baş verib”

“Amma sonradan kommunistlər bunu 28 aprelə keçirib bayram ediblər” 

“Ən dəhşətlisi təfəkkürümüzün işğalı idi, beynimizi dəyişdilər, yeni nəsil yetişdirdilər”

“O zaman yaranan beynəlxalq şərait bu respublikanın təklənməsinə gətirib çıxardı”



“1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti min illər boyu Azərbaycan ərazilərində yaradılan dövlətçiliyin davamı olmaqla, dünyada analoqu olmayan bir demokratik respublika idi”. 
Bunu “Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi bildirib ki, bu respublikanın fəaliyyəti göstərdi ki, dünyada yaratdığımız türk imperiyaları mövcud olduqları dönəmlərdə daima Uca Yaradanın ədalətinə söykənərək bütün xalqları ədalətlə idarə ediblər: 

“Baxmayaraq ki, çar Rusiyası Qacar Türk imperatorluğu ilə apardığı müharibələr nəticəsində Azərbaycanın dördə bir hissəsini işğal etdi. Bu ərazilərdə görünməmiş səviyyədə müstəmləkəçilik  həyata keçirdi. Yerli adət-ənənələri, dilimizi, dinimizi sıxışdırdı, vəzifələrə rusları, yaxud onlara satılanları oturtdu. Qondarma bəyləri, din xadimlərini irəli çəkdi, bizim gəncləri hərbiyə aparmadı. Kapitalist münasibətləri inkişaf edəndə biz müstəmləkə zülmü atında qaldıq. Amma yaratdığımız dövlət dünyada ən demokratik respublika sayıldı. Cümhuriyyətin yaratdığı parlamentin tərkibinə baxmaq kifayətdir ki, dediklərimiz ortaya çıxsın. Cümhuriyyət dünyada ilk dəfə olaraq qadınlara seçki hüququ verdi. Bütün bunlar qədim Türk dövlətçilik ənənələrindən irəli gəlirdi. Təəssüf ki, bu respublika cəmi 23 ay yaşadı. O zaman yaranan beynəlxalq şərait bu respublikanın təklənməsinə gətirib çıxardı. 1920 ci il aprelin 26-dan 27-nə keçən gecə çar Rusiyasının varisi kimi çıxış edən bolşevik Rusiyası özünün ayı xislətinə sadiq qalaraq imperiyanı yeni adda formalaşdırmağa başladı. Bakı nefti onun üçün xüsusilə həyati məsələ idi. Azərbaycanın geopolitik əhəmiyyətini də buraya əlavə etsək, vəziyyətin necə olduğunu təsəvvür edə bilərsiniz. O zamankı vəziyyət də bolşevik Rusiyasına kömək etdi. Bu işğal 26-dan 27-nə keçən gecə baş verdi. Sonradan bolşevik Rusiyasının varisi olan SSRİ imperiyası da Bakını 1990-cı ildə gecə, yəni yanvarın 19-dan 20-nə keçən gecə yenə qana boyayacaqdı. Bu çar Rusiyasının xislətini daşıyan bolşevik Rusiyasının, SSRİ-nin xarakteridir. Bir tarixçi kimi müharibələr tarixini öyrənsəm də, işğal tarixlərini də öyrəndim. Təsəvvür edin ki, Rusiyanın yeritdiyi işğal siyasətinin analoqu yoxdur. 1920-ci ildə Azərbaycanı işğal edən bolşevik Rusiyası guya kəndli-fəhlə hökumətini yaratdı və Azərbaycanda yaratdığı quruma da Azərbaycan Sosialist Respublikası adını verdi”. 



D.Əzimliyə görə, 71 il ərzində ölkəmizdə aparılan işğalçılıq siyasəti çar Rusiyasının işğalçı siyasətindən daha amansız oldu: 

“Əlifbamız dəyişdirildi, dilimiz sıxışdırıldı, erməniləri yüksək vəzifəyə çəkdilər. Kim rus qadını, yaxud erməni qadını ilə evlənirdisə, vəzifəyə gələ bilərdi. Onların evində yalnız rus dili danışıq dili idi. Milli kimliyimiz dəyişdirildi. Minlərlə milli kadrlar güllələndi, Sibirə sürgün edildi. Gənc qızlarımız işğalın ilk günləri təcavüzə məruz qaldılar. Ən dəhşəti bu idi ki, qədim Azərbaycan torpaqlarında Ermənistan yaradıldı. Azərbaycanın qədim torpaqları gürcülərə verildi. Bu azmış kimi Azərbaycanın bağrında yeni bir erməni vilayəti yaratdılar. Ötən 71 il ərzində Moskvaya yarınan məmurlarımızın əli ilə Azərbaycanın Ermənistana yaxın ərazilərindən ermənilərə hissə-hissə torpaqlar verdilər. Vaxtilə 9 min kv.km-lik civarında yaratdıqları bu qondarma Ermənistanın ərazilərini 29 min kv.km.-ə çatdırdılar. Bu illər ərzində ermənilər Azərbaycanda ən mühüm postlarda otururdular. Ötən bu illər ərzində baş qaldıran milli-azadlıq hərəkatlarını qana boyadılar. Təkcə Gəncədə baş verən olayları göstərmək kifayətdir ki, bunu təsəvvür edəsiniz. Gəncədə 1500-ə qədər qadın və qızlarımıza təcavüz edib, zorladılar. SSRİ-dağılana qədər bu işğala etiraz edənlərə qarşı ən amansız tədbirlər gördülər. Onları ya dəlixanaya, ya da ki, həbsxanaya saldılar. O zaman dəlixanalarda dəlilərin sayına görə SSRİ birinci yerdə idi. Ən dəhşətli işğal isə təfəkkürümüzün işğalı idi. Beynimizi dəyişdilər. Yeni nəsil yetişdirdilər. Bu nəsl tariximizi, ədəbiyyatımızı SSRİ imperiyasının maraqları baxımından yazdı. Azərbaycan Cümhuriyyəti haqqında gənclərimiz heç nə bilmədi. Bu dövləti mürtəce Musavat hökuməti adlandırıb özümüzə söydürdülər. M.Ə.Rəsulzadəyə “ingilis agenti” yarlığını vurdular. O birilərini də satqın adlandırdılar. Ötən əsrin 30-cu illərində repressiya etdiklərini də bizlərə satqın kimi sırıdılar. Bunun müqabilində cəllad, qatil Lenini bizə “baba” kimi sırıdılar. Hamımız Lenini sanki Tanrı sanırdıq. Erməni bolşevikləri, o cümlədən qatil, cəllad Şaumyan bizim “qəhrəmanımız” oldu...”.

Tarixçi bildirib ki, Nəriman Nərimanovu da sonradan onların bu alçaq siyasətinə qarşı çıxdığı üçün “xain” elan etdilər: 

“Onun adının yenidən dirçəldilməsində mərhum Heydər Əliyevin əvəzsiz xidməti oldu. Bizlərə Elmi kommunizm dərslərində Leninin, Şaumyanın “qəhrəman” obrazlarını sırıdılar. Ən çox baxdığımız film də “26-lar” filmi idi. Baxın, nə acı nəticələr oldu. Tarix bizə öyrədir ki, hər hansı hadisədən nəticə çıxaraq. İndi biz də nəticə çıxarmalıyıq. Təsəvvür edin ki, SSRİ imperiyası beyinləri elə zəhərləyib ki, hələ də onu arzulayanlar var, Moskvaya ümidlə üz tutanlar var. Milli Məclis İkinci Dünya müharibəsinin 75 illiyi ilə bağlı medal təsis edir, amma adını yazanda “Böyük Vətən müharibəsi” yazır. Yaxşı ki, ölkə başçımız imzaladığı sənədlərdə bunu İkinci Dünya müharibəsi adlandırır. Necə olur ki, sənin ölkəni 1920-ci ildə işğal edirlər, sən də ona Böyük Vətən müharibəsi kimi yanaşırsan. Bu ifadəni o zaman saxta Sovet tarixçiləri beyinlərə yeritdilər. Tarixdə buna bənzər elə bir şey yoxdur. Bu müharibə İkinci Dünya müharibəsinin tərkib hissəsi idi. 1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Suverenlik haqında” sənəddə, o cümlədən 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın birinci maddəsində göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də RSFSR tərəfindən işğal olundu”. İkinci maddəsində də göstərilir ki, “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.  Qəbul olunan bu Aktın giriş hissəsində də bildirilir ki, 1922-ci ildə yaradılan SSRİ Azərbaycanın işğal faktını təsdiq etmədi. Demək, SSRİ RSFSR-in varisi kimi çıxış etdi və onun davamı kimi SSRİ-i yaradıldı.  Bu yanaşmadan çıxış etsək, Azərbaycan Parlamenti ciddi yanlışlığa yol verib. Xatırladım ki, mərhum Prezident Heydər Əliyevin 1920-ci il 28 aprel işğalı ilə bağlı möhtəşəm çıxışı var. O, bildirib ki, mən uzun illər Azərbaycan Sosialist Respublikasına rəhbərlik etmişəm. 28 apreli uzun illər bayram kimi təntənə ilə qeyd etmişik. Amma indi deyirəm ki, bu işğaldır və Azərbaycan 1920-ci ilin aprelin 28-də işğal edilib”.

D.Əzimliyə görə, bu işğal təfəkkürümüzə o dərəcədə zərbə vurub ki, onun sağaldılması üçün çox on illiklər lazımdır: 

“Biz bundan nəticə çıxarmalıyıq... Çıxarmasaq, o zaman yenidən bu təhlükə ilə üzləşə bilərik. Xüsusilə bu istiqamətdə təbliğatı gücləndirmək lazımdır. Bizim yeni gənclik böyüyür. Onlar bizim dövlətin əsas aparıcı qüvvələridir. Dövlətimizin güclənməsi üçün həm də təfəkkürmüzün milli istiqamətdə inkişafına daha çox nail olmalıyıq. Sonda bir məsələyə də diqqət yetirim ki, bu işğal əslində, aprelin 26-dan 27-nə keçən gecə baş verib. Amma sonradan kommunistlər bunu 28 aprelə keçirib bayram ediblər və tarixə o cür düşüb. Bunu da düzəltməyin zamanı gəlib. Çünki o dövr bütün sənədlərdə 27 Aprel işğal günü kimi gedir”.