Azıx haqqında dünya çox az məlumatlıdır

Mağarada yeni tədqiqatlar aparılsa daha yeni faktlar üzə çıxacaq


İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrdə, o cümlədən Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur. Bu tədqiqatlarda Azərbaycana dəvət ediləcək xarici ölkə alimləri də iştirak edəcəklər. Tədqiqat istiqamətləri müəyyən edilərək bunun əsasında bir sıra araşdırmalar aparılacaq. Qeyd edək ki, işğal dövründə ermənilər xarici ölkə alimlərini bura cəlb edərək Azıx mağarasında qeyri-qanuni qazıntı işləri aparıblar. Bu dövrdə aparılan qazıntılar həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq qanunlara zidddir. Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndində olublar.

Dövlət başçısı vurğulayıb ki, Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı illərdə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır: 

"Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər çağırılmışdı. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar". 



Tarixçi, tədqiqatçı Elmar Həsənli "Şərq"ə açıqlamasında bildirib ki, Azıx mağarası qədimliyinə görə MDB məkanında birinci, dünyada isə dördüncü yerdədir. O bildirib ki, bu mağara Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi diqqəti cəlb edir:

"Azıx mağarasının sahəsi 800 kv.km-dir. 1968-ci ildə Məmmədəli Hüseynovun uzun zaman apardığı arxeoloji qazıntı nəticəsində Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyünü aşkar edib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki,  həmin çənə sümüyünün azı 350-400 min illik bir tarixi var. Bu da Azərbaycanın ən qədim insan məskəni olduğunu sübut edir. Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir.  Burada 700 min il bundan əvvələ aid ocaq izləri də tapılmışdır. Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir. Ona görə də Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması çox mühümdür. Çünki yeni tədqiqat və araşdırmalar yeni faktların da ortaya çıxmasına səbəb olacaq".
E.Həsənli qeyd edib  ki, bu abidə UNESCO-nun Azərbaycanın maddi irsi kimi siyahısına salınmalıdır.