“Sherg.az” 1992-ci ildə şair Vaqif Bayatlı Önərin keçmiş prezident Əbülfəz Elçibəydən götürdüyü müsahibədən bir hisisəni təqdim edir.
-Tələbə vaxtı universiteti Əbülfəz Əliyevin hər səhər tezdən saat 6-da radioda çalınan Azərbaycan Dövlət himninə yuxulu-yuxulu qalxıb sayğıyla dayanmağı və himn bitəndən sonra yenidən yerinə uzanmağı AXC-nin sədri, Azərbaycan milli azadlıq hərəkatı lideri kürsüsündən görünürmü? Tez-tez, yoxsa?
-O maraqlı bir səhnə idi. Demək, biz beş nəfər bir yerdə qalırdıq. Beşimizin də dədəmiz yox idi. Yetim idik. Çox mehriban yaşayırdıq. Savadlı, çalışqan, yaxşı uşaqlar idilər. Dedim ki, gəlin, belə bir şərt qoyaq: himn çalınanda hamımız ayağa duraq. Tezdən dururdum, uşaqları da oyadırdım. Bəziləri yuxulu olurdu, bəziləri də məni lağa qoyurdu.
Durmayanda yerlərinə su tökürdüm. Ona görə də öyrənmişdilər. Tezdən dururduq, ayaqüstə himnə qulaq asırdıq, tərpənmirdik. Sonra kimi yatırdı, kimisi də durub gedirdi. Sonralar uşaqlara dedim ki, biz zülmətdə yaşayan millətik. İşığı keçirməyə haqqımız yoxdur. Ona görə çırağı yanılı qoyurduq. O da çoxunu narahat edirdi.
Amma uşaqlar alışmışdılar. Deyirdilər hərə başını büləsin, yatsın, lakini işığı söndürməyək. Bu, gənclik romantikası idi. Hər halda xatırlanası gözəl günlərdir. Taleyimdə əleyhimə pis adamlar olsa da, müdafiəçilərim çox idi. İstər orta məktəbdə, istərsə də sonra yaxşı müəllimlərim vardı. Doğrudan da çox insan adamlar idi.
Həyatım çətin keçib, fəqət yaxşılar hər zaman mənə dayaq durub, ürək-dirək veriblər. Kasıb həyatı çox ağır olub. Hətta universitetdən də çıxıb getmək istəmişik. Amma müəllimlərimiz mehriban idilər, qeydimizə qalırdılar. Bir də yaxşı yoldaşlarımız olub. Savadlı, bacarıqlı, vətəni sevən... Mühitimiz belə idi. Kim ki, Vətəni sevmirdi, mız-mız eləyirdi, Xuruşovu, Stalini tərifləyirdi, ondan uzaqlaşırdıq. Özümüzün belə balaca dünyamız var idi. Harada olurduqsa, ya orta məktəbdə, ya universitetdə 5-6 nəfər bu yolu tuturduq”.
Elçibəylə baş-başa, ürək ürəyə
Vaqif Bayatlı Ödər
“Siyasət” № 5 (17)
May, 1992-ci il.
Mənbə : “Elçibəy belə deyirdi” kitabı.