“Mart soyqırımına dair bu faktları mütləq bilməliyik” - Tarixçi

Bu günlərdə 31 mart soyqırımınn növbəti ildönümü tamam olacaq.  1918-ci ildə martın 31-dən aprelin 3-dək erməni və rus hərbi birləşmələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif yerlərində ağır qətliamlar törətdilər. İnsanlığa sığmayan vəhşikliklər etdilər. Rəsmi mənbələrə əsasən, həmin qırğın nəticəsində 12 min azərbaycanlı öldürülmüş, on minlərlə insan itkin düşmüşdü. Üzərindən bir əsrdən çox vaxt keçməsinə rəğmən, hələ də bu tarixi hadisəni unutmamışıq. Əksinə,  hər dəfə dərin kədərlə xatırlayırıq. Əlbəttə, unuda bilmərik. Çünki keçmişinə güllə atanı gələcək topa tutar...


BDU-nun professoru, tarixçi- alim Nəsiman Yaqublu 31 mart soyqırımının törədilməsi barədə “Sherg.az”a danışdı: 

“Bu, azərbaycanlılara qarşı törədilən ən böyük qətiamlardan biridir. Və bir neçə səbəbi var. Birincisi, ermənilərin ərazi iddiaları ilə bağlıdır. Belə ki, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu ideyalarını əvvəlcə Türkiyədə gerçəkləşdirmək istədilər.

Lakin Türkiyə ilə bacara bilmədiklərini anladıqdan sonra Azərbaycan torpaqlarnı hədəf seçdilər. Həmin ideyanı irəli sürən “Daşnaksütun” partiyası idi. Partiya 1904-cü ildə öz proqram sənədinə belə bir maddə əlavə etdi:

“Biz yalnız Qafqazda, özü də müsəlmanların sıx yaşadığı ərazidə dövlət qura bilərik. Çünki çar hakimiyyəti müsəlmanları deyil, bizi dəstəkləyir”.  İkinci səbəb ermənilərin siyasiləşmiş xalq olmasıdır. Onlar “Daşnaksütun” ideyaları ilə yaşayıblar və yaşayırlar. Bu gün daxildə sözügedən partiyann ciddi nüfuzu olmasa da, ermənilərin hər biri mahiyyətcə daşnakdır.

Və, nəhayət, ruslar həmişə- istər çar, istər sovet, istərsə də federasiya dövründə həmişə erməniləri dəstəkləyiblər. Bu, XIX əsrdən üzü bəri dəyişməz olaraq qalıb. Biz sadaladığım məqamları bilmədən nə 31 Mart, nə 20 Yanvar, nə Xocalı faciəsinin, nə də Qarabağ ətrafında gedən bu günkü problemlərin mahiyətinə vara bilərik”.

N.Yaqublu, həmçinin bildirdi ki, biz bu hadisələrdən dərs almalıyıq:

 “Bilirsiniz ki,  Stepan Şaumyanı Lelin Qafqaza canişin təyi etmişdi. Qətliamı törədənlər isə erməni və rus hərbçiləri idi. Üç günə 15 min azərbaycanlı öldürülmüşdü. İnsanlara çox ağır işgəncələr verilirdi.

Xəzər dənizindəki 36-cı Türküstan polku qırğının qarşısının alınmasında mühüm rol oynadı. 1916-cı ildə yaradılan bu alayda bir nəfər də erməni yox idi. Əksinə, müsəlmanlar var idi. Beləliklə, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının köməyi ilə ruslar əsl həqiqəti- ermənilərin dinc insanları qətlə yetirdiyini anladılar.

Bunun ardınca Rusiya qətliamın törədilməsi barədə ermənilərə ultimatum göndərdi. Nəzərinizə çatdırım ki, mart soyqırımı haqqında ən düzgün qərar 1918-20-ci ildə verilib”.