“Bu sənədlərdə hadisələrin necə törədildiyinə dair şəkillər yer alır. Həmin sənədlərlə möhtəşəm işlər görmək olardı”
“Bunların hamısı ciddi bir roman, film mövzusudur. Təəssüf ki, hələ bunu bacarmamışıq”
.
Bu gün-31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda soyqırımıları törətdiklərinə görə cəzasız qalmayacaqlarından təşvişə düşən erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Həmin vaxt regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular.
Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Onlar 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında, Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törətdilər. Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törədikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırımına başlandı.
Yüz ildən artıq idi ki, martın son günlərini dərin ürək ağrıları ilə yaşayırdıq. Bu il isə mart soyqırımını xatırlamaqla yanaşı, qəddar düşmən üzərindəki şanlı qələbəmizin sevincini də yaşayırıq. Bəs, xalqımıza qarşı törədilən bu vandallıqların beynəlxalq arenada daha çox tanınması üçün hansı işlər görülə bilər?
Araşdırmaçı-jurnalist Dilqəm Əhməd “Sherg.az”a bildirib ki, yalnız 31 Mart Soyqırımı yox, xalqımıza qarşı digər vandallıqlarla bağlı ən böyük əksikliyimiz bu hadisələri dünyada yetərincə təbliğ edə bilməməyimizdir:
“Cümhuriyyətin qurulması kimi şanlı tariximiz var. 2 ildə görülən möhtəşəm işlər bəllidir. Amma Cümhuriyyət bir anda qurulmadı. Bizə qarşı Mart soyqırımı törədildi, həmçinin digər hadisələr yaşandı.
Bunların hamısı ciddi bir roman, film mövzusudur. Təəssüf ki, hələ bunu bacarmamışıq. Halbuki Mart Soyqırımı ilə bağlı çox dəyərli filmlər çəkilə bilərdi.
Dünyanın Azərbaycan tarixçilərinin yazdığı kitaba çox da marağı yoxdur. Onsuz da dünya tarixçiləri bu hadisələrin necə və nə səbəbə törədildiyini bilirlər. Amma məqsədimiz xalqımıza qarşı vandallıqları dünya ictimaiyyətinə çatdırmaqdırsa, başqa yollar tapmalıyıq.
Bəlkə də, bu yollar peşəkar filmlərdən, güclü diaspor fəaliyyətindən keçir. Fikrimcə, 100 ildir ki, ancaq öz daxilimizdə təbliğatlar aparılır. Məsələn, “Xocalıya ədalət” kampaniyası çox uğurlu oldu.
Dünyanın bir çox ölkəsində abidələr qoyuldu, mühüm tədbirlər keçirildi. Bunu davamlı şəkildə etmək yaxşı olardı.
Mart soyqırımı ilə bağlı isə çoxlu şəkillər qalıb. Azərbaycan Cümhuriyyəti höküməti bu cinayətlə bağlı iş açıb, Fövqəladə Tədqiqat Komissiyası yaradılıb.
Həmin komissiyanın bu dəqiqədə minlərlə səhifəlik sənədləri var. Bu sənədlərdə hadisələrin necə törədildiyinə dair şəkillər yer alır. Həmin sənədlərlə möhtəşəm işlər görülə bilər”.