“Carçı express” jurnalının ikinci sayı işıq üzü görüb.
Bu barədə “Sherg.az”a jurnalın təsisçisi və baş redaktoru Sərxan Carçı məlumat verib. O yeni nömrənin “Türk Dünyası Araşdırmalar Vakfı” və Bakı Atatürk Liseyinin dəstəyi ilə ərsəyə gəldiyini söyləyib:
“Jurnalı yaradanda qərarlaşdırdıq ki, hər sayı önəmli bir mövzuya, hansısa hadisəyə həsr edək. İlk nömrədə Bağanis Ayrım soyqırımı və Qazağın işğalda olan 7 kəndi, erməni terroru ilə bağlı mövzuları işıqlandırdıq. İkinci nömrə isə Qafqaz İslam Ordusuna həsr olunub. Bu mövzuda jurnalda nüfuzlu tarixçilərin, elmlər doktorlarının, eyni zamanda gənclərin maraqlı yazıları yer alıb. Jurnal nəşrdən yeni çapdan çıxıb, oxucular tanış olacaqlar. Təbii ki, jurnal haqqında son söz oxucularındır. İnanırıq ki, bəyənəcəklər. Bu sayın ərsəyə gəlməsində əziyyəti keçənlərə, xüsusilə də Türk Dünyası Araşdırmalar vakfına, qurumun başqanı Kösan Yazqan bəyə, Bakı Atatürk Liseyinə və direktoru Eyləm Gültəkin xanıma təşəkkür edirəm”.
Qeyd edək ki, baş yazar Qafqaz İslam Ordusuna həsr olunmuş bu sayın bir nümunəsini “Şərq” qəzeti redaksiyasında yaradılmış Azərbaycan Mətbuat Tarixi Muzeyinin “Nuru Paşa odası”na hədiyyə etdi.
Məlumat üçün bildirək ki, “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı “Carçı express”in redaksiya heyətinin üzvüdür. Jurnalın bu sayında A. Aşırlının “Çanaqqala savaşı necə doğdu və Azərbaycan savaşı 1917-1918-ci illər” kitabının Azərbaycanla bağlı hissəsindən Azərbaycanın istiqlal savaşına qatılan peşəkar türk hərbçisi Mucib Kemalyeri ilə bağlı yazısı dərc olunub.