Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu Feysbuk səhifəsində ölümsüz sənətkar, aktrisa Nəsibə Zeynalova və keçmiş prezident Əbülfəz Elçibəydən yazıb. “Sherg.az”ın məlumatına görə Ərəstun bəy onlarla bağlı xatirələrini bölüşərək bunları qeyd edib:
“Onları birlikdə 1999-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsinin Bakı Əyləncə Mərkəzində keçirilən 10-illik yubileyində görmüşdüm. Nəsibə xanım artıq çətinliklə yeriyirdi və oğlu Cahangir bəylə birlikdə gəlmişdi. Oturmuşdu. Əbülfəz Elçibəy yaxınlaşıb onu qucaqladı və qarşısında çökərək söhbətləşdi.
Danışırdılar ki, Əbülfəz bəy öz prezident mənzilini Nəsibə xanıma verəndə demişdi ki, Azərbaycanda prezident hələ çox olacaq, amma Nəsibə Zeynalova bir də olmayacaq.
Nəsibə xanıma səhnəmizin qaynanası deyirlər, lakin o, böyük sənətkar həm də xalqımızın anası adına layiq idi. Səhnədə yüksək aktyorluğu ilə yanaşı həyatda da əsl Azərbaycan xanımı idi. Ağayana, ağır və eyni zamanda sadə bir milli qadın idi.
Yazım bir az gecikib, çünki Nəsibə xanımın aprelin 20-də doğum günü idi. Onu hələ çox nəsillər xatırlayacaq, ona baxacaqlar, güləcəklər, onun sənətində belə qabarıq görünən milli ruhundan qidalanacaqlar.
Ruhun şad olsun, böyük sənətkar!
İndi bu, tarixdir, özü də şanlı bir tarix.
Çünki bizim təkcə böyük sənətkar qarşısında çökən rəhbərimiz yox, həm də lider qarşısında çökməyən sənətkarımız vardı.
Belə sənətkarlarımız bu gün də var. Həm böyük insan, həm də böyük sənətkar olan o azsaylı insanlarımızı qorumalıyıq. Qorumalıyıq ki, sabah sənəti və insanlığı qarşısında çökə biləcəyimiz kimisə tapa bilək”.