Dünyada hər bir şeyin ilkinə imza atan şəxs özü də bilmədən adını tarixə yazdırır. Bu imza sahiblərindən biri vətənimizdə ilk ana dilli mətbuatın banisi olmuş Həsən bəy Zərdabidir. H.Zərdabinin adı və şəxsiyyəti ana dilinin qədrini bilənlər, habelə mətbuatın nəyə qadir olduğunun dərkinə varanlar üçün məlumdur ki, nə qədər əzizdir...
Bəzi hadisələr, faktlar var ki, onları sözlə ifadə eləmək bəsitdir. Lakin əməldə də belədirmi? H.Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Məlikova xatirələrində əbəs yerə yazmırdı: “Həsən bəy türk dilli (Azərbaycan) qəzetə çıxara bilmək üçün5 il mübarizə apardı”. Bu ifadədə böyük millət fədaisinin beş ildə apardığı mübarizəni, bu yolda onun qatlaşdığı əziyyətləri, bir ziyalının xalqının gələcəyi üçün narahatlıq və təlaşlarını, millətinin güzəranı üçün ürək yanğılarını bir cümləyə sığdırmaq... sadədir. Amma bu cümlənin həcmi kiçik olsa da, məzmunu, dəyəri bir ömür, bir tarix qədər nəhəng və əzəmətlidir!
Qeyri-milli bir hökumətin hakimiyyəti altında əzilən xalq, sözsüz ki, hər mənada inkişafdan geri qalır, daha dəqiq desək, geridə buraxılır... XIX əsrin ikinci yarısında bunun fərqinə varan ziyalılarımız Azərbaycan cəmiyyətinin – ədəbi mühitinin aktivlərinə çevrildilər. Mirzə Fətəli Axundzadə, Əsgər ağa Gorani,Nəcəf bəy Vəzirov, Məhəmmədtağı Əlizadə Şirvani və digərləri bu ziyalılar sırasında idi. Onlar xalqı o zamanın cəhalət buxovlarından, dinin xurafat amillərindən xilas etməyə, maariflənməyə, öyrənməyə təşviq edir, öz millətini tərəqqi edən millətlər cərgəsində görmək üçün çarpışırdılar. Bizim ziyalılar sadəcə Çar Rus hökuməti ilə deyil, həmçinin xurafatla məşğul olub insanları geriliyin əsiri edən üzdəniraq mollalarla da əqli mübarizə aparırdılar. Bu mübarizədə mətbuatın nə qədər vacib olduğunu Həsən bəy yaxşı bilirdi. Düzdür ki, o dövrki qələm adamlarımız Qafqazda çıxan rus dilli qəzetlərdə (“Tiflisskiye vedomosti”, “Bakinski Listok”) yazıları ilə çıxış edirdilər. Lakin digər Qafqaz xalqlarının milli dildə qəzetləri olduğu halda, Azərbaycanda belə bir mətbu orqanın olmaması, üstəlik yerli xalqın rus dilində bilməməsi (sayıla biləcək savadlılar istisna olmaqla) Həsən bəyi ana dilli qəzet çıxarmağa sövq etdi. O, 5-7 illik mübarizədən sonra 1875-ci il 22 iyulda bu arzusuna nail oldu. Bakı şəhəri qubernator mətbəsində “Əkinçi” adlı türk qəzetinin ilk nömrəsi dərc olundu. Bu tarixi gün müasir günümüzdə Milli Mətbuat Günü kimi qeyd olunmaqdadır. Sonralar Həsən bəy “Həyat” qəzetinin səhifələrində “Əkinçi”çinin çap olunması, onun bu işdəki zəhməti, maddi-mənəvi çətinlikləri, Çar senzurasının qəzet üçün yaratdığı problemlər, yuxarılara H.Zərdabi ünvanına yazılmış donoslar və s. mövzuları “Rusiyada əvvəlinci türk qəzetəsi” sərlövhəli məqaləsində geniş formada yazırdı. “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən bașqa bir qeyri olac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürür ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürür ilə qanmazın başını deşib onun beyninə əsər edər” cümlələrində dahinin bezmədən, usanmadan səbr və təmkinlə xalqının irəli getməsi üçün mübarizəsini, eyni zamanda bu insanda tükənməz xalq sevgisini, millətinə xidmət eşqinin şiddətini, bu amalda onun nə qədər qətiyyətli və mübariz olduğunu aşkarcasına görə, duya bilirik. Bu baxımdan “Rusiyada əvvəlinci türk qəzetəsi” məqaləsi “Əkinçi”nin tarixini əks etdirən qiymətli və əhəmiyyətli bir materialdır ki, bununla da bu günkü hər bir Azərbaycan gənci tanış olmalı, mütaliə etməlidir.
Həsən bəy Zərdabinin kürəkəni olmuş Əlimərdan bəy Topçubaşi “Əkinçi”nin 50 illiyi münasibətilə “Azərbaycanın mayakı” məqaləsində qəzet haqqında yazırdı:“"Əkinçi"!Bu sözü qəlb titrəmədən həyəcansız söyləmək olmur: onda hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var. "Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, poeziyasının, ədəbiyyatının, tarixinin möcüzəli emblemidir. Bu, bütün Azərbaycan xalqının ifadəsi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideyallarının aşkara çıxmasıdır. “Əkinçi” və Həsən bəy Məlikov – Zərdabi, Həsən bəy Məlikov – Zərdabi və “Əkinçi” tarixdə və xalq yaddaşında elə qaynayıb-qovusmuşdur ki, onlar bir-birindən ayrılmazdır”. Bu cümlələrdə “Əkinçi” qəzetinin dəyəri kifayət qədər dəqiq və təsirli bir dillə təsvir edilir... Bəli, “Əkinçi” adlı ilk türk dilli qəzeti ərsəyə gətirməklə H.Zərdabi Azərbaycan xalqına bir tribuna ərməğan etdi. Əsir olmuş bir xalqın öz dilində ürəkdən keçən sözlərini deyə biləcəyi, ziyalılarının insanları oyanışa, maarifə, hətta illər sonra azadlığa – istiqlala səsləyə biləcəyi qızıldan bir tribuna... “Əkinçi” elə H.Zərdabinin özü idi. Belə ki, o, 149 il əvvəl Azərbaycan tarixinə ilk sözçülük, maarifçilik, millilik və özünüdərkin sırf anadilində təbliğinin toxumlarını səpdi. Fərq ondadır ki, Bu əkinçi o toxumları torpağa deyil, insanların beyninə səpib, onların düşüncəsini maarifçilik, millilik ideallarına köklənmək istiqamətində cücərtdi... O, Azərbaycan mətbuat tarixinin əsl əkinçisi idi!...
“Əkinçi” qəzetinin ömrü sadəcə 2 il sürdü.Yuxarıda adlarını çəkdiyimiz və s. məqalələrdə qəzetin bağlanmasının siyasi, maddi, sosial səbəbləri göstərilir. 2 il az bir müddət kimi görünsə də, Çar senzurasının kəskin vaxtlarında, qəzetin bütün maddi sıxıntılarınının Həsən bəyin çiyinlərində olduğu və onu kafir adlandıraraq ünvanına bir sürü donosların yazıldığı zamanlarda ədibin bu qəzeti çıxarmağa müvəffəq olması böyük bir qəhrəmanlıq idi. Ə.Topçubaşinin də dediyi kimi: “O (H.Zərdabi) yalnız bir sənətin sahibi ola bilmirdi. ...Bu həyat şəraiti özünü xalqına həsr etmək istəyən hər bir təhsilli zəhmətkeşdən eyni zamanda bir neçə sənət sahibi olmasını tələb edirdi”. Həsən bəy təbiət elmləri sahəsində ixtisaslaşmasına baxmayaraq, sanki bu xalqın hansı sahəsində boşluq və ya gerilik olsa,o, dərhal o məsələnin üstünə atılırdı. Bütün əmək və fəaliyyətini, qabiliyyətini o sahəyə yönəldir, xalqı üçün ömrü boyu faydalı olmağa səy göstərirdi.
Beləliklə, 2 illik çətin şəraitdə böyük fədakarlıqlarla ayaqda qalan ilk ana dilli qəzetimiz bağlandı. 1877-ci ildə sentyabrın 29-da “Əkinçi” baba naxoşladı”...
“Qafqaz qadını”