Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 19 809,5 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,1% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 49,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 9 775,2 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,8%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.