“Azərbaycan ordusu, döyüşçülərimizin qəhrəmanlıqları barədə faktlar şagird və tələbələrə çatdırılmalıdır”
“Özü də yarım səhifə, bir səhifə həcmində yox, konkret elmi faktlarla”
Elə etmək lazımdır ki, mövzu təhsilalanların dünyagörüşünə uyğun olsun. Rahat, oxunaqlı cümlələrdən istifadə edilməlidir”
Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə "Zəfər tarixi" kursu tədris ediləcək. Bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə əksini tapıb.
Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu bu barədə “Sherg.az”a danışdı:
“Səhv etmirsə, həmin məsələni ilk dəfə mən qaldırmışdım. Mövzu ilə bağlı saytlardan birinə danışmışdım. Sonra fakültədaxili tədbirdə məsələni müzakirə etdik. O vaxt bir çox müəllim yoldaşımız, o cümlədən professor Cahangir Məmmədli müsbət reaksiya verdi. Qərara gəldik ki, təkliflə universitet rəhbərliyi və Təhsil Nazirliyi qarşısında da çıxış edək. Bilmirəm, bəlkə, başqa dostların da oxşar təklifləri olub. Lakin jurnalistika fakültəsi ilk təşəbbüskarlardan biridir. Buna əminəm. Məsələ ondan ibarətdir ki, biz daha çox işğal günlərini xatırlayırıq. Bu, cəmiyyətdə pessimist əhval-ruhiyyə yaradır. Xalqı, yetişməkdə olan nəsli daha çox qələbəyə kökləmək lazımdır”.
N.Yaqublunun fikrincə, kursun təşkilinə xüsusi diqqətlə yanaşılmalıdır:
“Zəfər tarixi” ali məktəblərdə də keçirilməlidir. Azərbaycan ordusu, döyüşçülərimizin qəhrəmanlıqları barədə faktlar şagird və tələbələrə çatdırılmalıdır. Özü də yarım səhifə, bir səhifə həcmində yox, konkret elmi faktlarla. Elə etmək lazımdır ki, mövzu təhsilalanların dünyagörüşünə uyğun olsun. Rahat, oxunaqlı cümlələrdən istifadə edilməlidir. Daha kiminsə, hardansa köçürdüyü doktorluq dissertasiyası yox. Ümumiyyətlə, müəlliflər tanınmış alimlər, vətənpərvər insanlar olmalıdırlar. Cəmiyyət arasında nüfuzu olmayan müəllifi kimsə oxumayacaq. Ümumiyyətlə, bu istiqamətdə işləri davam etdirmək- kitablar yazmaq, filmlər çəkmək lazımdır”.