“Həmin insanların meyitləri tədqiq edilməli, məhkəmə tibbi-ekspertizaları keçirilməlidir"
"Nəticələr müvafiq qurumlara təqdim olunmalıdır”
“Ancaq bu yolla haqq səsimizi eşitdirə bilərik”
Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açılıb. 1993-cü ilin aprelində ermənilər Kəlbəcəri işğal edəndə Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər.
Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən doqquz nəfər yolda qətlə yetirilib, beş nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya bilivlər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Nəticədə dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib.
Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu bu barədə “Sherg.az”a danışarkən bildirdi ki, düşmənin törətdiyi cinayət sənədlər formasında toplanmalıdır:
“Sonra onlar beynəlxalq qurumlara, o cümlədən məhkəmələrə göndərilməlidir. Əlbəttə, məzarların açılması yaxşı haldır. Sonra da qapayacağıq. Bəs ardınca?! Deməli, fəaliyyət davam etdirilməlidir. Ta ki, cinayətkarlar cəzalarını alanadək. Həmin insanların meyitləri tədqiq edilməli, məhkəmə tibbi-ekspertizaları keçirilməli və nəticələr müvafiq qurumlara göndərilməlidir. Ancaq bu yolla haqq səsimizi eşitdirə bilərik”.