Sabah, yəni sentyabrın 15-i Bakının bolşevik-daşnak işğalçılarından xilas edilməsinin 103-cü ildönümüdür. 103 il bundan əvvəl, 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri düşmən qüvvələrdən təmizləyib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Heç şübhəsiz, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir. Lakin ictimaiyyət nümayəndələri, tarixçilər hesab edirlər ki, xilaskar Qafqaz İslam Ordusunun şanlı əsgərlərinə vəfa borcumuzu ifadə etmək üçün daha genişmiqyaslı tədbirlər, mərasimlər təşkil edilməlidir. Bu möhtəşəm tarixi gün sadəcə dar çərçivələrdə qeyd olunmamalı, bir-iki onlayn tədbirlə yola verilməməlidir. İctimaiyyət, xalq olaraq Bakının və dolayısı ilə Azərbaycanın xilas edilməsinin haqqını verməliyik. Artıq sosial şəbəkədə bununla bağlı bir sıra təkliflər səslənməkdədir. Vurğulanır ki, əgər mövcud pandemiya şəraiti geniş tərkibli konfranslara, təntənəli mərasimlərə imkan vermirsə, ən azından hər kəs evinin eyvanından, iş yerindən Azərbaycan və Türkiyə bayraqlarını asa bilər.
Tarixçi-alim Boran Əzizli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan tarixində çox önəmli hadisələrdən biri Bakının düşməndən azad edilməsi və paytaxta çevrilməsidir. Alim qeyd edib ki, Bakının azadlığı, 28 may Respublika Günü qədər əhəmiyyətlidir:
“Könül istərdi ki, bütün Azərbaycanda, hətta türk dünyasında 15 sentyabr təntənəli şəkildə bayram edilərdi. Cümhuriyyətə qədər Azərbaycanın dövlətçilik tarixi böyük yol keçib. Lakin bu dövlətlərin heç birinin adı – Azərbaycan, paytaxtı Bakı olmayıb. Tarixdə ilk dəfə olaraq hazırda yaşadığımız ərazini yadelli işğalçılardan azad edənlər məhz Qafqaz İslam Ordusu olub. Ona görə də sentyabrın 15-i ümumxalq bayramı olmalıdır. Həmin günün xüsusi qeyd edilməsi həm də Bakının xilası uğrunda canlarını qurban vermiş şəhidlərə vəfa borcumuzun yerinə yetirilməsidir. Şəhid Osmanlı mehmetçiklərinin və Azərbaycanın igid oğullarınun ruhu qarşısında təzim etməkdir. Onları anmaq çiyinlərimizin borcudur. Bakının azadlığı eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Paytaxtdan sonra Qarabağ, Naxçıvan və digər bölgələrimizdə Cümhuriyyətin suveren hüquqları bərpa edildi. Mübahisəsiz 96 min kvadrat kilometr ərazimiz birləşdirildi”.
B.Əzizlinin sözlərinə görə, xüsusən, indiki mərhələdə, şanlı qələbəmizin birici ildönünümü ərəfəsində Bakının azadlığının qeyd olunması xüsusi əhəmiyyət kəsb edir: “44 günlük savaşı elə-belə qazanmamışıq. Azərbaycan və Türkiyənin keçdiyi hərb tarixinə nəzər salanlar tarixi gerçəkliyi görəcəklər. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə yanaşı, orduda döyüşən sıravi əsgərləri, Mürsəl Bakü paşa başda olmaqla digər türk zabitlərinin əməyini qeyd etməmək allahsızlıq olardı. Hamısı bizim üçün əzizdir, dəyərlidir. İstərdik ki, 15 sentyabrda Şəhidlər Xiyabındakı türk mehmetçiklərinin məzarları üzərinə əklil qoymaqla kifayətlənməsinlər. Gəncədən Bakıya qədər yolboyu kimsəsiz qalmış türk şəhid məzarlarını da ziyarət edək. Məzarlarına çiçəklər qoyaq, ruhlarına dua oxuyaq. Təbii ki, Qafqaz İslam Ordusunun fədakarlığına qiymət verməyi bacaranlar, yaşam tərzində bunu əxlaqi nümunəyə çevirənlər öz hörmətlərini yenə də göstərəcəklər. Amma arzumuz odur ki, toplum halında bunu edək və vazkeçilməz ənənəyə çevirək. Hər halda 15 sentyabr türk xalqlarının birliyini arzulayanların ən böyük bayramlarından biridir və o cür də qalacaq”.
AXC dövrünün tədqiqatçısı, araşdırmaçı-jurnalist Dilqəm Əhməd də “Şərq”ə bildirib ki, 15 sentyabr təkcə Bakının azad edilməsi deyil, həm də Azərbaycan adlı dövlətin mövcudluğunun əsasıdır. Onun sözlərinə görə, bu mövcudluğu məhz Osmanlı dövlətinin sultanı, hərbiyyə naziri və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa bizə bəxş edib:
“Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan dövlətinin rəhbərləri sayəsində Batum müqaviləsi imzalanıb və bunun əsasında Bakı azad edilib. Ona görə də düşünürəm ki, bu tarixi hadisə bu il məhz işğaldan azad edilmiş torpaqlarımızda keçirilməlidir. Osmanlı paşaları o zaman həm də Şuşaya gəlmişdilər. Cəmil Cahid paşa Şuşada olmuşdu. Ona görə də Cıdır düzündə bir mərasim keçirilərsə və hərbi parad olarsa, yaxşı qarşılanar. Bir də illərdir ki, Nuru Paşanın heykəlinin qoyulmasının arzusundayıq. Türkiyə-Azərbaycan münasibətlərinin bu qədər yaxın olduğu bir məqamda bu heykəl layihəsi nəhayətlənsə gözəl olardı”.
İsmayıl Qocayev