Şuşa ilə bağlı 103 illik analogiya:“Qafqaz İslam Ordusunun qələbəsi təkrarlandı”

Akif Aşırlı:“Zəfərimizin tarixi kökləri 1918-ci ilə gedib çatır”

Firdovsiyyə Əhmədova: “103 il əvvəl Şuşanın azad edilməsi strateji əhəmiyyət daşıyırdı”


Tarix özünün qüdrətini, ədalətini dəfələrlə göstərib. Keçən əsrin birinci yarısında, daha dəqiq desək, 1918-ci ildə Azərbaycanın qardaş dəstəyinə ehtiyacı olduğu bir vaxtda Türkiyə yanımızda oldu. Nuri Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu gücümüzü güc qatdı, işğalçılara qarşı birlikdə mübarizə apardıq. 12-14 min nəfərdən ibarət olan Qafqaz İslam Ordusu əvvəlcə Bakını azad etdi. Ardınca isə digər torpaqlarımız, o cümlədən Göyçay, Ağsü, Kürdəmir...Şuşa düşməndən təmizləndi. 

Bir əsr əvvəl göstərilən qardaş dəstəyini bir il əvvəl Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar davam etdirdi. Yenə də Türkiyənin mənəvi dəstəyini hiss etdik, diplomatik müstəvidə birgə addımladıq və möhtəşəm qələbə qazandıq. Beləliklə, türkün mübarizəsinin ədalət savaşı olduğunu, qardaşlığımızın qələbə ilə nəticələndiyini dünyaya göstərdik.

Tarix elmləri üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı tarixi analogiya barədə fikirlərini “Sherg.az”la bölüşdü. Baş yazar qeyd edib ki, Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusunun qarşısında duran əsas vəzifə Şuşanı düşmənlərdən təmizləmək idi:

 “Erməni-daşnaklar Şuşada soyğunçuluqla məşğul idilər. Əsgəran keçidi ələ keçirilmiş, Şuşa ilə Qarabağın əlaqəsi kəsilmişdi. Şuşa mühasirədə idi. Beləliklə, okrtyabrda hərbi əməliyyatların planı hazırlandı və hərbi əməliyyatlar çox az- cəmi iki həftə çəkdi. Oktyabrın sonunda imzalanan Mudros sazişindən sonra Osmanlılar Cənubi Qafqazdan çıxsalar da, Azərbaycan qoşunları Şuşaya yerləşdi. Andranik İrana qaçdı. Hətta o, özü erməni mətbuatına etiraf etmişdi ki, Azərbaycan-türk hərbi birləşmələrinə müqavimət göstərə bilmədi. Qarabağın azad edilməsinin təməli məhz belə qoyuldu. Yəni zəfərimizin tarixi kökləri 1918-ci ilə gedib çatır”.

Tarixçi-alim, professor Firdovsiyyə Əhmədova da vurğulayıb ki, Bakı azad edilənədək Azərbaycan digər ərazilərdə hakimiyyətini bərpa edə bilmirdi. Bütün güc paytaxt üçün səfərbər olmuşdu. Həmin vaxt Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa ermənilərə sülhməramlı təkliflər etsə də, düşmən razılaşmadı. Azərbaycanlılarının etnik təmizlənməsi türk komandanlığını narahat edirdi. Bakı azad edildikdən sonra görülən ilk iş Qafqaz hərəkatının təşkili oldu:

“Savaşdan əvvəl də Nuri Paşa sülh arzusu ilə çıxış etdi. Amma ermənilər yenə təklifə yaxın durmadı”.

 F. Əhmədova qələbənin həm də siyasi səciyyə daşıdığını dedi: 

“103 il əvvəl Şuşanın azad edilməsi strateji əhəmiyyət daşıyırdı. Zəfərdən sonra Azərbaycan- Osmanlı ordusunun birgə hərbi keçidi baş tutdu. Və həmin qələbə keçən il bir daha təkrarlandı. Fətəli Xan Xoyskinin sözləri ilə desək, bu, öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlara dərs olmalıdır. Ermənistan baş verənlərdən dərs çıxarmalı, normal siyasət aparmalıdır, işğalçılıqdan əl çəkməlidir. Əks halda yenə eyni aqibəti yaşayacağını unutmamalıdır”.

Kənan Novruzov