“Qafqaz İslam Ordusu soyuq silahlarla Bakıya daxil olmuşdu, ötən il də türklər sılqırım qayalarla Şuşaya çıxdılar”
“Bu gün Azərbaycanda 16-yadək türk məzarlığı var. Vətəndaşlarımız tez-tez həmin məzarlıqları ziyarət edirlər”
“Bu, bir daha göstərir ki, torpaqlarımızın azadlığında vətənpərvər türk əsgərlərinin mühüm rolu olub”
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət edib. Ziyarətdə generallar da olub. Onlar abidə önünə əklil qoyublar. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Xatırladaq ki, Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 103 il ötür.
103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib. Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək. Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər. Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu sözügedən tarixi hadisə barədə “Sherg.az”a danışdı. O, bildirdi ki, türk əsgərlərinin fədəkarlığı unudulmamalıdır:
Bu, tarixi əhəmiyyət daşıyan hadisədir. Bakı azad ediləndən sonra digər ərazilər, o cümlədən Xankəndi, Şuşa da düşməndən təmizləndi. Qafqaz İslan Ordusu təkcə Bakını, Şuşanı yox, həm də Azərbaycan dövlətçiliyini xilas etdi. Əgər proseslər belə cərəyan etməsəydi, AXC hökuməti Gəncədən kənara çıxa bilməyəcəkdi. Onu da deyim ki, Nuru Paşanın rəhbərliyi altında ilk hərbi keçid 1918-ci il sentyabrın 15-də, ikincisi 1919-cu ilin aprelində, üçüncüsü isə həmin ilin iyununda Xankəndi və Şuşada keçirildi”.
N.Yaqublunun fikrincə, Qafqaz İslam Ordusunun o vaxtkı dəstəyi iki dövlət arasındakı qardaşlığın əsasını qoydu:
“Üstündən yüz il keçməyinə rəğmən, biz həmin yardımın bəhrəsini görürük. Ötən il Şuşa azad ediləndə də qardaş dəstəyini hiss etdik. 1918-ci ildə Bakı, 2020-ci ildə Şuşa düşməndən təmizlənəndə eyni taktikadan istifadə olundu. Belə ki, Qafqaz İslam Ordusu soyuq silahlarla Bakıya daxil olmuşdu, ötən il də türklər sılqırım qayalarla Şuşaya çıxdılar. Bu gün Azərbaycanda 16-yadək türk məzarlığı var. Vətəndaşlarımız tez-tez həmin məzarlıqları ziyarət edirlər. Bu, bir daha göstərir ki, torpaqlarımızın azadlığında vətənpərvər türk əsgərlərinin mühüm rolu olub”.
Kənan