“44 günlük İkinci Qarabağ savaşı ancaq 10 milyonluq deyil, 50-60 milyonluq Azərbaycan türkləri üçün mühüm hadisəyə çevrilib”
“Bütün bunların gənc nəslə ötürülməsi, torpaqların işğaldan azad olunması, qəhrəmanlarımızın keçdiyi yolun gənclərimizə çatdırılması lazımdır”
Təhsil nazirinin müavini Firudin Qurbanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxış edib. Nazir müavini bildirib ki, “Zəfər tarixi” ilə bağlı dərsliyin hazırlanmasına dair işlər yekunlaşır.
O, qeyd edib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:
“Nazirlik daim dərsliklərin təkmilləşdirilməsinə çalışır”.
“Zəfər tarixi” adlı dərsliyin hazırlanmasının təqdirəlayiq olduğunu söyləyən tarixçi-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, bütün hallarda yeniyetmə və gənclərimiz möhtəşəm zəfərimizin tarixini öyrənməlidir:
“Yeni tariximizdə 44 günlük müharibə bizim üçün çox önəmlidir. 44 günlük İkinci Qarabağ savaşı ancaq 10 milyonluq deyil, 50-60 milyonluq Azərbaycan türkləri üçün mühüm hadisəyə çevrilib. Bütün bunların gənc nəslə ötürülməsi, torpaqların işğaldan azad olunması, qəhrəmanlarımızın keçdiyi yolun gənclərimizə çatdırılması lazımdır. Dövlət rəhbərinin də apardığı siyasət məsələnin əsas mahiyyətini bizim üçün müəyyənləşdirdi. Pakistan və Türkiyə ilə əməkdaşlığımızı da xüsusi vurğulamalıyıq. Azərbaycan-Türkiyə münasibətlərinin müharibə zamanı ən yük səviyyədə özünü göstərməsi, qalib gəlməyimizdə çox mühüm rol oynadı. Bir sözlə, əldə etdiyimiz zəfər Azərbaycan xalqının tarixində yeni bir dönüş nöqtəsidir. Bunu yalnız Qarabağımızın işğaldan azad edilməsi kimi dərk etməməliyik, çünki baş verənlər 50-60 milyonluq azərbaycanlılar üçün bir dönüş nöqtəsi idi. Qeyd etdiyimiz məqamların hər biri “Zəfər tarixi” dərsliyində öz əksini tapacaq. Yeni nəsil və şagirdlərimiz möhtəşəm qələbəmizin bütün xırdalıqlarını biləcək, həvəslə oxuyacaqlar. Ümid edirəm ki, yeni zəfələr qazanıb, bununla böyük Azərbaycanımızın yenidən dünyada sözü keçən dövlət olmasını təmin edəcəyik”.
Yeganə Bayramova