Dünən Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. İlk iclasın gündəliyinə 15 məsələ daxil edilib. Spiker Sahibə Qafarova deyib ki, 3 gün əvvəl ölkəmizdə Anım günü qeyd olunub və dövlət başçısı xalqa etdiyi müraciətdə böyük qələbəmizi şərtləndirən amillərlə bağlı xalqa geniş məlumat verib.
Parlament sədri bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib:
“Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı ən böyük hadisə Türkiyə və Pakistan Milli Məclislərinin sədrlərinin Azərbaycana səfəri olub. Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub. Əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək və dərinləşəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə təmin etməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞ PA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim. Avqustun 6-da İranda rəsmi səfərdə oldum. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Avstriyada işgüzar səfər çərçivəsində iştirak etdiyim konfransda Ermənistan Parlamentinin sədrinin əsassız iddialarına cavab verdim”.
Xocalı soyqırımı ilə bağlı çağırışların hələ Ulu Öndərin zamanında səsləndirildiyini bildirən millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlayıb ki, bu gün də həmin çağırışlar davam edir:
“Spikerimiz Sahibə xanım Qafarovanın İran parlamentinə çağırışı olduqca təqdirəlayiqdir. Bu gün cənab Prezident, parlament rəhbərliyi və bizlər xalqımıza qarşı törədilən vəhşiliklər barədə fikirlər səsləndirib, çağırışlar edirik. Soyqırımı tanıyıb-tanımamaq məsələsi isə həmin dövlətin özünə və parlamentin mövqeyinə qalıb. Dünyanın 10-dan çox ölkəsindəki parlament və başqa qurumlar səviyyəsində, həmçinin Amerikanın 20-dən çox ştatında Xocalı soyqırımı tanınıb. Arzu edərdik ki, bu soyqırımı tanıyanların sayı çoxalsın. Xüsusilə türkdilli və müsəlman dövlətlərindən bunu umuruq. Çünki Xocalıda ermənilər tərəfindən qətlə yetirilən insanlar müsəlmanlardır. Ona görə də müsəlman qardaşlarımızdan umuruq ki, erməni vəhşiliyinə qiymət verib, soyqırımı tanısınlıar. İran parlamentinin Xocalını tanıyıb-tanınmaması onların mövqeyindən asılıdır”.
Yegane Bayramova