Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı birləşmələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.
2020-ci il oktyabrın 4-də saat 10:00 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Gəncənin ilk raket hücumuna məruz qalmasının ildönümü haqda “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu bu şəhərin tarixindən söz açıb:
“Gəncənin işğal olunması ilə Azərbaycanın işğalı prosesi başladı. Çar Rusiyası ərazi iddialarını, işğalçılıq planlarını daha da sürətləndirdi. Gəncədən sonra digər bölgələr də Çar Rusiyası tərəfindən işğal olundu. Gəncəlilər rus işğalına qarşı müqavimət göstərdilər, Cavad Xan son nəfəsinə qədər döyüşdü. Gəncə işğal edildikdən sonra yerli əhaliyə qarşı işgəncələr törətdilər. Hətta məsciddə toplaşan insanları amansızcasına qətlə yetirdilər. Cavad Xan haqda gəncəlilər maraqlı dastanlar yaratdılar, xatirəsini yaşatdılar, ona şeirlər həsr etdilər. Gəncə işğalından sonra xalq uzun müddət onun qəhrəmanlığını unutmadı, yada saldı. Bizim sonrakı mübarizələrimizdə Cümhuriyyətimizi qurduğumuz illərdə həmişə Cavad Xanın adı çəkildi, onun qəhrəmanlığından fəxarətlə danışırdılar”.