Milli Məclisdə Nuru Paşa və Türk İslam Ordusunun abidəsinin qoyulması təklif edilib. Sözügedən təşəbbüsü millət vəkili Sabir Rüstəmxanlı parlamentin dünənki iclasında irəli sürüb. Parlamentari qeyd edib ki, Azərbaycanda Nuru Paşanın və Türk İslam Ordusunun abidəsi qoyulmalıdır:
“Niyə bu məsələ diqqətdə saxlanılmır? Əvvəllər buna mane olanlar var idi. İndi isə belə bir problem yoxdur. Hesab edirəm ki, məlum məsələ öz həllini tapmalıdır”.
Sözügedən təklif barədə “Sherg.az”a danışan tarixçi-alim Nəsiman Yaqublu vurğulayıb ki, Nuru Paşaya heykəlin qoyulması ilə bağlı əvvəllər də təkliflər olub:
“Keçən il 10-a yaxın alimin imzası ilə Nazirlər Kabinetinə müraciət göndərdik ki, Bakı şəhərində Nuru Paşaya abidə qoyulsun. Çünki 1918-ci ildə Bakının azad edilməsində Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşanın böyük fədakarlıqları olub.
Cümhuriyyət dövründə yalnız Nuru paşaya yox, Qafqaz İslam Ordusuna da abidə qoyulması haqqında layihə hazırlanmışdı. Hətta abidənin yeri də bəlli idi.
İndiki Şəhidlər Xiyabanının yerləşdiyi ərazidə bünövrə daşlarının atılma mərasimi də keçirilmişdi.
Parlamentdə səsləndirilən yeni təklifi alqışlayıram. Nuru Paşanın mənəvi haqqı var ki, onun Bakı şəhərində böyük abidəsi ucaldılsın. Ancaq bu abidə yaxşı yerdə olmalıdır, Lökbatan, Zığ kimi ərazilərdə yox.
Paytaxtın mərkəzində qoyulmalıdır ki, insanların gedib həmin abidəni ziyarət etmək imkanı olsun”.