Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu ilin oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.
Müstəqilliyimizə gedən yolu “Sherg.az”a dəyərləndirən tarixçi-alim Nəsiman Yaqublu qeyd edib ki, müstəqilliyimizin bərpa edilməsinə qədərki yol Azərbaycan tarixində maraqlı bir dövr hesab olunur:
“O zamanlar SSRİ-nin tərkibində yaşayırdıq. Yəni bizi müstəqilliyə aparan dövr SSRİ dövlətinin mövcudluq tarixi ilə eyni dövrə düşür. Lakin bu dövrün də ayrı-ayrı mərhələləri var. İlk mərhələ SSRİ-nin çökməsi və dağılması prosesidir. Bu, yalnız bizdən asılı olmayıb. Ayrı-ayrı ölkələrdə, həmçinin Şərqi Avropa ölkələrində Sovet dövlətinin dağılması üçün mübarizə aparılıb. Eyni zamanda pribaltika ölkələrinin apardığı mübarizəni də heç cür inkar edə bilmərik. İlk xalq hərəkatları və xalq təsisatları məhz pribaltika ölkələrinə yaranıb.
İkincisi , Azərbaycan cəmiyyətinin daxilində təşkilatların yaranması prosesidir. Eyni zamanda dissidentlər hərəkatını xüsusi vurğulaya bilərik. Çünki bu hərəkat da müstəqillik tariximizin ayrıca dövrünü əhatə edir. Çünki 1960-ci illərdə Azərbaycanda ciddi təsisatlar yaradılırdı. Məsələn, o dövrdə “İldırım” təşkilatı yaradılmışdı. Həmin dövrdə böyük şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” əsərini qeyd edə bilərik. Əsər ciddi şəkildə yayılır və əhalidə milli ruhu oyadırdı. 1970-ci illərin sonunda yaranan “Ocaq” təşkilatını xüsusi qeyd edə bilərik. Həmin təşkilat da milli ruhun oyanmasında böyük rol oynadı. Nəhayət, 1988-ci ildən başlayaraq Azərbaycan xalq hərəkatının genişlənməsi və yeni birliklərin yaranmasının şahidi olduq. Müstəqilliyimizdən danışarkən yaranan təşkilatları da xüsusi vurğulamaq lazımdır”.
N.Yaqublu vurğulayıb ki, 1991-ci il avqustun 30-da müstəqilliyimizin bərpa edilməsi ilə bağlı Azərbaycanın o vaxtkı Ali Sovetində 43 deputatın fəallığı oldu, onlar müstəqilliyə səs verdilər:
“1991-ci il oktyabrın 18-də isə müstəqillik aktının qəbul edilməsi xalqımızın həyatında əsas sənədlərdən biridir. Təəssüf ki, müstəqillik mübarizəmiz Qarabağ uğrunda savaşa yönəldi. Yəni ermənilər bizim azad yaşamaq və müstəqil olmaq üçün mübarizəmizi Qarabağ savaşına doğru yönəltdilər və enerjimizin böyük hissəsi bu mübarizəyə sərf olundu. Yoxsa müstəqillik uğrunda daha çox nailiyyətlər əldə edə bilərdik. Bu mənada 18 oktyabr xalqımızın əldə etdiyi bir qazanc, apardığı mübarizənin uğurlu bir nəticəsidir.
Sevindirici haldır ki, bu il müstəqilliyimizin 30 illiyini işğalda olan torpaqlarımızın azad edildiyi bir dövrdə qeyd edirik”.