Mədəniyyət elçisi

Fuad Məmmədov... Xüsusi bir təqdimata ehtiyac duyulmadan, hər hansı titul göstəricisi olmadan nəinki elmi, həm də geniş ictimaiyyətə bəlli olan isim. Otuz ildən çoxdur ki, rəhbərlik etdiyi “Simurq”un qanad çaldığı dörd bir tərəfə maarifçilik nuru ilə mədəniyyət daşıyan Fuad Məmmədov nikbin ruhunu heç kimdən əsirgəmədi. Əsirgəməmək isə zənginliyin və eyni vaxtda səxavətin ifadəsidir. 

75 illik ömrün hər gününə yığılan sərvəti Fuad müəllim zəkası, zəhməti, intizamlı fəaliyyəti ilə toplayıb paylaşdıqca sərmayə gətirən qaynağa çevirə bilmişdir. Əsrin dörddə üçü heç də hamar keçməmişdir, amma məzmunu miqyasına tən gəlir:

Hələ tələbəlik illərində fəallığı, ünsiyyətcilliyi onu Azərbaycan neft və kimya institutunun kollektivi arasında fərqləndirmişdir: fakültə komsomol təşkilatının katibi, institutun tələbə həmkarlar ittifaqı komitəsinin sədri və elə o illərdə SSRİ həmkarlar ittifaqlarının XVI qurultayının nümayəndəsi. Tələbəlik mühiti gənc Fuadın ictimaiyyətçi xarakterini formalaşdırmışdır. Bu xüsusiyyət onun sonrakı elmi-pedaqoji və maarifçi fəaliyyətində dərin iz qoymuşdur. Məzun olduğu ali məktəbdən professor kimi qayıdacağı ali məktəb sisteminə qədər 21 il Azərbaycan Elmlər Akademiyası sistemində çalışmışdır. Akademiyanın tarix institutunda və Azərbaycan Tarix Muzeyində fəaliyyəti F.Məmmədovu qısa müddətdə elmi ictimaiyyət arasında tanınmış simaya çevirdi. Elm tarixi şöbəsinin müdiri kimi gördüyü işlər Azərbaycan tarixinin tədqiqata ehtiyacı olan yeni istiqaməti idi. Nəticədə 1985-ci ildə Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə etməyə müyəssər oldu.

Əsərlərinin 60-dan çoxu Azərbaycanda elmin inkişaf tarixinə həsr olunmuşdur. Elmlər Akademiyasında çalışdığı zaman F.Məmmədov müxtəlif illərdə ictimai əsaslarla sərgi işləri üzrə Elmi Şuranın elmi katibi, Elmlər Akademiyası “Bilik” cəmiyyətinin sədr müavini işləmişdir. Bu müddət ərzində Azərbaycanın elm tarixinə dair 60-dan çox ekspozisiya və sərgi təşkil etmişdir. Nəticədə respublikanın alimləri və elmi müəssisələri SSRİ XTNS-nin və beynəlxalq sərgilərin 200-dən artıq qızıl, gümüş və bürünc medal və diplomları ilə təltif olunmuşdular. Topladığı təcrübə Fuad müəllimə Elm Tarixi Muzeyinin və elmin tarixi və nəzəriyyəsi Mərkəzinin layihələrini işləyib hazırlamaq imkanı vermişdir. F.Məmmədovun elmi, elmi-təşkilati və ictimai fəaliyyəti həmin dövrdə SSRİ XTNS Baş komitəsinin diplomu, gümüş və bürünc medalları, Ümumittifaq və Azərbaycan “Bilik” cəmiyyətlərinin təşəkkürnamələri, döş nişanı, Sov.İKP MK, SSRİ Nazirlər Soveti, UİLKGİ və UİHİMŞ Fəxri fərmanı ilə qiymətləndirilmişdir.

Fuad Məmmədov sovet dövlətində baş verən ictimai-siyasi prosesləri düzgün dəyərləndirərək yaranmış yaradıcılıq sərbəstliyini, imkanlarını dəyişən cəmiyyətin çağırışı kimi qəbul etmişdir. 1989-cu ildə Fuad müəllim kulturologiya sahəsində xüsusi sistemli tədqiqatlara başlamışdır. Dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsi sahəsində əldə etdiyi elmi nəticələr Azərbaycan elmində yeni istiqamətin formalaşmasına mühüm təsir göstərdi.

1991-ci il respublikanın müqəddəratında dönüş tarixi olduğu kimi F.Məmmədovun yaradıcılıq yolunda da yeni bir başlanğıc oldu. 

Həmin il Bakı sosial idarəetmə və politologiya institutunda çalışmağa başladı. Professor kulturologiya və tarix kafedralarına rəhbərlik etmişdir. Artıq 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis ediləndən də həmin akademiyanın professoru kimi fəaliyyətini davam etdirir. 25 ildir ki, Fuad Məmmədov müxtəlif ixtisaslar üzrə (“Politologiya”, “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Menecment”, “İqtisadiyyat”, “Kulturologiya”, “Sənətşünaslıq” və s.) yüksək ixtisaslı kadr hazırlığı sahəsində öz töhfəsini vermişdir. Onun dövlət idarəçiliyi sahəsində yetişdirdiyi kadrlar bu gün müstəqil respublikamızın müxtəlif yüksək qurumlarında çalışmaqdadırlar. Fuad müəllim elmi kadrların hazırlanmasında da öz bilik və bacarığını əsirgəmir. Onun təşəbbüsü ilə respublikamızda ilk dəfə olaraq kulturologiya sahəsində fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurası yaradılmışdır. 200-dən artıq elmi və elmi-maarifçi əsərin, o cümlədən 14 monoqrafiya və kitabın müəllifi, həmmüəllifi, tərtibçisi olan F.Məmmədovun yaradıcılığı vətənində, həmçinin xaricdə alimlər, mütəxəssislər, diplomatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Onun “Kulturologiya. Tarixi və nəzəri məsələlər” (2002), “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (2013), “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının tarixi. 1990-2015” (həmmüəllif, 2015), “Kulturologiya, mədəniyyət, sivilizasiya” (2016) kimi monoqrafiyalarından Rusiya, ABŞ, Almaniya, İngiltərə, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya, həmçinin BMT, YUNESKO və digər nüfuzlu beynəlxalq təşkilatların kitabxanalarında istifadə olunması Azərbaycan elmi üçün fəxrdir. Mədəniyyət tarixi və nəzəriyyəsi sahəsində tanınmış alim kimi Fuad Məmmədovun adı Vikipediyada (“Wikimedia Foundation, Inc.”) dünya əhəmiyyətli görkəmli kulturoloqlarla bir sırada çəkilir.

Hələ tələbəlik illərindən ictimaiyyətçi kimi tanınan F.Məmmədov eyni şövq, eyni həvəslə öz missiyasını davam etdirir. 1990-cı ildə təsis edilən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir. Bu təsisatın 26 ili onun rəhbərinin həyat və fəaliyyətinin ayrılmaz bir parçasıdır. Bu özü də bir göstəricidir ki, F.Məmmədov yetkin yaşında təşəbbüslə çıxış etmiş, Azərbaycan cəmiyyəti üçün maarifləndirici bir təşkilat yaratmışdır. 

Bu Assosiasiyanın yaradılması respublikamız üçün olduqca mürəkkəb, keşməkeşli ağır bir dövrdə baş vermişdir. Böyük bir dövlət süqutu ərəfəsində Azərbaycana hərbi təcavüz etdi, dinc insanları gülləbaran etdi. Fuad müəllim belə bir çətin zamanda ruhdan düşməyərək, ümidsizliyə qapılmadan gələcəyə nikbin baxmış, millətini tərəqqiyə çatdırmaq, xalqını maarifləndirmək, inkişafa nail olmaq üçün bu cəmiyyətin təsisatını zəruri hesab etmişdir. Onun əsasını qoyduğu “Simurq” cəmiyyəti dövlət müstəqilliyimizin bərpasının 25 ilindən bir yaş irəlidədir. Ziyalı proseslərin adi müşahidəçisi olmamalıdır, prosesləri tərəqqiyə doğru yönləndirməyi bacarmalıdır. Düz 26 il öncə Fuad müəllim bu missiyanı öz üzərinə götürdü. İllərlə elm tarixini araşdıran püxtələşmiş mütəxəssis kimi elmi biliklərin, mədəniyyətin maarifçisi işini ictimai məzmunda təşkilatlanaraq həyata keçirməyə ehtiyac yarandığını bilirdi. Fuad Məmmədovun həyat yolu təşəbbüskarlıq üçün məhdudiyyətlərin aradan qaldırılmasının mümkün olduğu nümunədir. Bu yöndə göstərdiyi səylər bəzən müsbət həllini tapmadıqda belə, öz missiyasına xilaf çıxmamışdır, doğru bildiyi yolda əzmkarlıq göstərmişdir. 
F.Məmmədovun Azərbaycan elminin, mədəniyyətinin nailiyyətlərini müxtəlif məzmun və vasitələrlə təbliğ etməsi çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, “Simurq” jurnalının təsisçisi və baş redaktorudur. Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəri məsələlərini əhatə edən bu beynəlxalq kulturoloji jurnal AR Prezidenti yanında AAK-nın reyestrinə daxil edilmişdir. Davamlı keçirilən “Mədəniyyət və cəmiyyət” elmi seminarının elmi rəhbəri olan F.Məmmədov nazirliklərdə, idarələrdə, təşkilatlarda, cəmiyyətlərdə, ali və orta təhsil müəssisələrində səyyar mühazirələr və treninqlər keçirir, məruzələrlə çıxış edir, həmçinin kulturologiya, mədəniyyət və sivilizasiya, etik mədəniyyət, əmək və idarəetmə mədəniyyəti, insan kapitalı və davamlı inkişaf, mədəniyyətlərin dialoqu və multikulturalizm mövzularında televiziya verilişlərində çıxışlar edir. 2010-2014-cü illərdə Azərbaycan televiziyası ilə “İdrak” adlı 200-dən çox kulturoloji televiziya verilişinin müəllifi və aparıcısı olmuş, “Mühazirə” verilişi çərçivəsində kulturologiya üzrə mühazirələr oxumuşdur. 2014-2015-ci illərdə “ASAN” Azərbaycan Dövlət Agentliyinin kollektivi üçün əmək mədəniyyəti və etik mədəniyyət üzrə illik kulturoloji treninq keçirmişdir. Ümumilikdə isə 1990-cı illərin əvvəllərindən F.Məmmədovun elmi rəhbərliyi altında Azərbaycan və dünya mədəniyyəti və sivilizasiyasının tarix və nəzəriyyəsinin müxtəlif məsələlərinə həsr olunmuş 300-dən artıq stasionar kulturoloji seminar, konfrans, treninq və “dəyirmi masa”lar keçirilmişdir. F.Məmmədov “Simurq” Assosiasiyasının, Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin proyektlərinin müəllifidir. Zamanın çağırışları, çevik dəyişiklikləri, qloballaşma şəraitində insan kapitalının formalaşmasına və multikulturalizmin davamlı inkişafına, terrorizmin qarşısının alınmasına, mədəniyyətlərin dialoquna effektli yardım metodu kimi “Homo Sapiens” insan tipindən “Homo culturalis” insan tipinə keçid modelini təklif etmişdir. Fuad Məmmədov dünya kulturologiyasına xidmətlərinə görə “İntellektual inkişaf problemləri” Beynəlxalq Akademiyasının (2002), Rusiya pedaqoji və sosial elmlər Akademiyasının (2004) və “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının (2013) həqiqi üzvü seçilmişdir. İctimai statuslu milli “Humay”, “İntellekt”, “Qızıl qələm” mükafatları ilə, Azərbaycan Respublikasının mədəniyyət və turizm, təhsil nazirliklərinin fəxri fərmanları ilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə, ABŞ Bioqrafiya İnstitutunun fəxri medalı ilə, Misirin Təhsil Nazirliyinin qızıl medalı ilə, “Simurq” beynəlxalq medalı ilə və digər yerli və beynəlxalq ictimai təşkilatların mükafatları ilə təltif edilmiş, “Mədəniyyət səfiri” və “Sülh səfiri” fəxri adlarına layiq görülmüşdür.

Fuad müəllimin iştirak etdiyi tədbirlər və üzvü olduğu qurumlar Fuad müəllimin beynəlxalq aləmdə elmi nüfuzunun aydın göstəricisidir: 2000-ci ildə o, Avropa Şurasının Mədəniyyət siyasəti üzrə ekspertlər siyahısına daxil edilmişdir, elə həmin il BMT-də Millenium üzrə beynəlxalq konfransın plenar iclasında çıxış etmişdir.

 Artıq üç ildir ki, F.Məmmədov mədəniyyətlərin və sivilizasiyaların dialoquna həsr olunmuş Beynəlxalq Lixaçov elmi mühazirələrinin təşkilat komitəsinin üzvüdür. Dünyanın müxtəlif ölkələrinin alim və siyasətçilərinin iştirak etdiyi bu mötəbər humanitar forumda Fuad Məmmədov hər il öz mühazirələri ilə Azərbaycanı layiqincə təmsil edir. Onun Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Rumıniya, Macarıstan, Kosta-Rika və digər ölkələrdə beynəlxalq forumlarda, cəmiyyətlərdə Azərbaycan elmini layiqincə təmsil etməsi xarici və yerli alimlər, mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır. Fuad müəllim iştirak etdiyi elmi və mədəni tədbirlərin miqyasından asılı olmayaraq hər birinə məsuliyyətlə yanaşır, sadəcə iştirakçı, yaxud, məruzəçi olmaqla kifayətlənmir, həmin tədbirlərin səmərəli keçməsi, effektiv nəticə alınması üçün təşəbbüskarlıq göstərir, təkliflərlə çıxış edir. Buna bariz nümunə kimi F.Məmmədovun Kazan səfərini göstərmək olar. RF Tatarıstan Respublikasının Prezidentinin xüsusi dəvəti ilə qatıldığı beynəlxalq tədbirdə F.Məmmədovun “İnsanların mədəni identikliyinin formalaşmasına yardım haqqında” təklif etdiyi prinsip YUNESKO-nun humanitar təhlükəsizlik üzrə 2016-cı il Kazan Bəyannaməsinə daxil edilmişdir. 2017-ci ildə F.Məmmədov Moskva Hökumətinin “Beynəlxalq əməkdaşlığa töhfəsinə görə” medalı ilə təltif edilmişdir. 
Professor F.Məmmədovun dünya mədəniyyəti və sivilizasiyası nəzəriyyəsi və tarixi sahəsində elmi tədqiqatlarının nəticələri insanın həyat fəaliyyəti texnologiyalarının keyfiyyətini artırmaq, Azərbaycan cəmiyyətinin və dövlətinin davamlı, rəqabətə dayanıqlı və təhlükəsiz inkişafı üçün mühüm elmi və əməli əhəmiyyət kəsb edir. Alim tərəfindən işlənib hazırlanmış “kulturoloji piramida” universal metodu, “mədəni inkişaf amilləri”, “mədəniyyət sosial sistem kimi”, “mədəniyyətin effektliyi” və s. kulturoloji innovasiyalar cəmiyyətin intellektual və etik mədəniyyətinin inkişafı üçün əməli cəhətdən əhəmiyyətli sayılır. Məhz bu xidmətləri nəzərə alınaraq “Dünya mədəniyyəti və kulturologiya elminə verdiyi yüksək töhfəyə, həmçinin  "Planetin Sülhməramçısı" nominasiyasında sülhməramlı fəaliyyətinə görə” 2019-cu ildə UNESCO -nun Sülh Mədəniyyəti İnstitutu və “Avropa –Asiya” Beynəlxalq Humanitar Akademiyası tərəfindən təsis edilmiş "Sülh Gülü" qızıl medalı ilə təltif edilmişdir. Elə həmin ildə Fuad Məmmədov Beynəlxalq Qlobal Araşdırmalar Akademiyasının  akademik diplomu ilə də təltif edilmişdir.

F.Məmmədov tədqiqatlarını təbliğ etməyi, tədris prosesində yeni bilgiləri tələbələrə mənimsətməyi özünəməxsus məntiq, anlaşıqlı dillə, həyati nümunələrlə çatdırmağı bacarıqla həyata keçirir. 

Bu baxımdan onun elmi-pedaqoji fəaliyyəti üçün məqsədyönlülük, vətənpərvərlik, məsuliyyət mədəniyyəti, etika, məntiq və möhkəm iradə səciyyəvi hesab edilir. Həmçinin müasirlərinin təsdiq etdiyi kimi, Fuad müəllim elmi bilikləri “sosial təcrübə və milli maraqlarla” uğurla uzlaşdırır. Fuad müəllimin təşəbbüskarlığı, zəhmətsevərliyi, nəsildən, ailədən, tərbiyədən gələn məziyyətdir.

Fuad Məmmədov bütün elmi, ictimai fəaliyyəti ilə yanaşı sevilən pedaqoqdur. 50 ilə yaxın təcrübəsi olan müəllim kimi tələbələrinə biliklərə yiyələnməyi, öyrənməyi, əməli işlə məşğul olmağı mənimsədə bilir. Fuad müəllimdə gənclərlə işləmək şövqü, ustalığı vardır. İstər keçmiş tələbələri, istərsə də bugünkü auditoriyalarda ona böyük hörmətlə yanaşırlar. Gəncliyin sevgisini, etimadını qazanmaq hər ziyalıya nəsib olmur. Yalnız elm, təhsil vermək deyil, gəncləri əməyə, zəhmətə, işləmək vərdişlərinə yiyələnməyə təşviq etmək qabiliyyəti Fuad müəllimi digərlərindən fərqləndirir.
F.Məmmədov davranışı, nitqi, ünsiyyəti cəhətdən də cəmiyyətdə özünəməxsus yer tutmuşdur. Bu keyfiyyətlər onun qan yaddaşından gəlir. Bu baxımdan F.Məmmədovun Azərbaycan Əsilzadələr Məclisinin üzvü olmağı diqqəti çəkir. Babası Azərbaycanın tanınmış hərbi xadimi, Cümhuriyyət ordusunun polkovniki Şirin bəy Kəsəmənskinin, rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın olan nənəsi Qeysər xanım Kaşıyevanın, Cümhuriyyət hökuməti tərəfindən xaricə göndərilmiş 100 tələbədən biri olmuş, Berlində ali mühəndis təhsili almış əmisi Qəhrəman Məmmədovun və nəslinin digər görkəmli ziyalılarının, o cümlədən valideynlərinin irsi keyfiyyətləri, aldığı tərbiyə, təhsil və zəhməti, istedadı ilə bütövləşən Fuad Teyyub oğlu Məmmədov kamil şəxsiyyət kimi Azərbaycan cəmiyyətinin tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirir.
Azərbaycanı onun hüdudlarından kənarda layiqincə təmsil etmək qabiliyyəti hər vətəndaşımıza, soydaşımıza nəsib olmur. Elə şəxsiyyətlərimiz də var ki, onların simasında vətənimiz tanınır, öyrənilir və hörmətlə anılır. Tanınmış azərbaycanlı alim-kulturoloq, elm tarixçisi, təcrübəli pedaqoq, tarix elmləri doktoru, professor Fuad Məmmədov məhz belə vətəndaş alimlərimizdəndir.

Firdovsiyyə ƏHMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının
“Tarix” kafedrasının müdiri,
əməkdar müəllim.