Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp-nin prezidenti Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin bp nümayəndələri ilə görüşünün əhəmiyyətini vurğulayan R.Abdullayev, iki şirkət arasında əlaqələrin müsbət dinamikasından söz açıb. Pandemiyanın müsbətə doğru dəyişdiyi nəzərə alınaraq, bir sıra birgə layihələrin daha da sürətləndirilməsi imkanlarının ətraflı müzakirə edildiyi görüşdə xüsusi olaraq, mövcud yataqların dayanıqlı şəkildə işlənməsini təmin etmək, yeni yataqların kəşf olunması istiqamətində birgə səyləri, eləcə də hər iki şirkətin pay sahibi olduğu boru kəmərlərinin istismarını səmərəli şəkildə davam etdirmək kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə bildirilib ki, uzun illər Azərbaycanla əməkdaşlıq edən bp şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihəni SOCAR və bp şirkətinin vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlaması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.
B.Luni rəhbərlik etdiyi şirkətin Azərbaycan və SOCAR ilə münasibətlərinin çox sıx, səmimi və səmərəli olduğunu, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modelinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 il müddətində uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard barel neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. bp-nin prezidenti biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu vurğulayıb. Qonaq həmçinin, Azərbaycanla əməkdaşlığı daim şirkətin dayağı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsinin bp-nin biznes maraqları ilə uzlaşdığını nəzərə çatdırıb.
Xatırladaq ki, BP və tərəfdaşları Azərbaycanda ilk Hasilatın Pay Bölgüsü Sazişini SOCAR-la 1994-cü ildə ''Azəri'', ''Çıraq'' yataqlarının və ''Günəşli'' (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıb, bununla da həmin sazişin müddətini 2049-cu ilin sonuna qədər uzadılıb. SOCAR və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək, “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə edib.