Dünyasını dəyişənə rəhmət düşür
Pənah Hüseyn: "O, konkret 1990-cı il yanvar hadisələri zamanı rəhbərikdə de-fakto iştirak etmirdi"
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov 91 yaşında Moskvada dünyasını dəyişib. Vəzirov uzun illərdir ki, Rusiya paytaxtında yaşayırdı. 1930-cu ildə Bakıda anadan olmuş Ə.Vəzirov 1988-ci ilin mayında Azərbaycana rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi 1990-cı ilin qanlı yanvar hadisələrinə qədər davam edib. 90-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsindən sonra Vəzirov Moskvaya qaçıb.
İllərdir fəaliyyəti ciddi müzakirə predmeti olan, barəsində fərqli fikirlər, çoxsaylı irad və ittihamlar səsləndirilən Vəzirovun adı Qazaxıstana Rusiya desant qoşunlarının yeridilməsi kontekstində yenidən gündəmə gəlməyə başlamışdı. Qanlı 20 Yanvar hadisələrini xatırladanlar Vəzirovu rus qoşunlarını Qazaxıstana çağıran Qasım-Jomərt Tokayevlə müqayisə edirdi. Məlumat üçün bildirək ki, Əbdürrəhman Vəzirov əslən şuşalıdır. Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Ana tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaradıb. Lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olub.
1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Vəzirov o vaxt bu təklifdən imtina etsə də, 1988-ci ildə ikinci təklifə “hə” deyib.
1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Onun dövründə Moskvanın dəstəyi ilə Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Rus qoşunlarının gəlməsindən 2 gün öncə, 18 yanvarda istefa verərək Moskvaya qaçıb və ömrünün sonuna kimi Rusiyanın paytaxtında yaşayıb. Vəfat xəbəri ilə Vəzirov yenidən sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə birmənalı qarşılanmayan Vəzirov əksəriyyət tərəfindən “vətən xaini” kimi təqdim olunub.
Əbdürrəhman Vəzirov barədə səslənən fikirlərlə bağlı “Şərq”ə danışan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Vəzirovun adı nə Xalq Cəbhəsi, nə Heydər Əliyev, nə də Prezident İlham Əliyev dövründə “vətən xaini” şəkildə hallanmayıb. Keçmiş baş nazir vurğulayıb ki, Vəzirovun 1980-ci illərin sonundan, yəni Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ilkin fəaliyyətində Qarabağ məsələsində SSRİ-nin imkanlarından istifadə edilməsi baxımından müəyyən əsaslar gətirilə bilərdi. Amma 1990-cı illərin əvvəllərində Vəzirovun rolu birmənalı şəkildə qəbul olunmur:
“Əslində hamımız bilirik ki, Əbdürrəhman Vəzirov faktiki olaraq 1989-ci illərin sonu, 1990-cı illərin əvvəlində real hakimiyyətdən uzaqlaşdırılmışdı. O, konkret 1990-cı il yanvar hadisələri zamanı rəhbərlikdə de-fakto iştirak etmirdi. Lakin təəssüf doğuran hal odur ki, o zamanki proseslərin birbaşa iştirakçılarından sayılan Vəzirovun xalqımızın tarixində, yaddaşında faciəli iz buraxmış 20 yanvar hadisələri haqda, ümumən o dövr barəsində milli mənafeyimizə uyğun hansısa fikirlərini eşitmədik. Həmçinin, həmin hadisələrlə bağlı yazılarını da rast gəlmədik. Ancaq artıq Vəzirov dünyasını dəyişib, ölənə isə rəhmət düşür”.