“2014-cü ildən etibarən Azərbaycan Cümhuriyyəti və mühacirəti ilə bağlı Türkiyədə olan orijinal materialları toplamaqla məşğulam. Təbii ki, siyahımın ən başında Məhəmmədəmin Rəsulzadəyə aid materiallar gəlir”.
Bunu “Sherg.az”a açıqlamasında Cümhuriyyət dövrünün tədqiqatçısı, araşdırmaçı-yazar, “Çapar” dərginin baş redaktoru Dilqəm Əhməd deyib.
Araşdırmaçı Məhəmmədəmin Rəsulzadə ilə bağlı ötən illər ərzində topladığı matarialların nədən ibarət olduğunu bildirib:
“7 ədəd fotoşəkil var. Bunlardan ikisi Rəsulzadənin Cümhuriyyət illərinə, biri Finlandiya, üçü Türkiyə, biri isə Avropada yaşadığı dövrə aiddir. Arxivimdə Polşada göndərdiyi üç açıqca məktub var ki, mövzusu səhhəti ilə bağlıdır, yaxın dostlarına bu barədə məlumat verib. Eləcə də Rəsulzadəyə göndərilmiş iki məktub-açıqca da əldə etmişəm. Həmin açıqcalar Cümhuriyyət tələbəsi Əli Yusifə və istiqlal şairi Gültəkinə məxsusdur. Özəlliklə Əmin Abid Gültəkinin məktubu çox qiymətlidir. Həmçinin arxivimdə iki ədəd imzalı kitabı mövcuddur. "Azərbaycan Cümhuriyyəti" və "Azərbaycan şairi Nizami" kitablarının imzalı nüsxələri arxivimin ən dəyərli materiallarındandır. Eyni zamanda Rəsulzadənin 34 fotoşəkildən ibarət dəfn albomu da kolleksiyamda var. Silahdaşları bütün dəfn prosesini fotolentə alıblar. Sağlığında çıxan orijinal kitablarının 95 faizi məndə mövcuddur”.
D.Əhməd vurğulayıb ki, maddi imkansızlıq səbəbindən ala bilmədiyi materiallar hələ də qalır:
“Rəsulzadəyə aid məktublar, ona göndərilmiş mühacir fotoşəkilləri, silahdaşlarına aid qiymətli orijinal sənədlər indi də satılmaqdadır. Dediklərim dağılan şəxsi arxivlərdir. Bir də dövlət arxivləri var ki, Türkiyədə bəzi sənədlərin üzərindən gizlilik götürülüb. Mən onlardan bəzilərini gördüm. Məsələn, sənədlərdən açıq-aşkar görünür ki, Türkiyə hökuməti Rəsulzadəyə Avropada maddi yardım edib. Ona həm aylıq dolanışıq xərci, həm də səyahət xərcləri ödənilib. Rəsulzadənin 140 illiyi ilə bağlı bir layihəmiz artıq başlayıb. Azərbaycanda ilk olacaq. Bu ildə buna çalışacağıq. İnşallah vaxtında yetişdirməyi planlayırıq”.
Qeyd edək ki, bugün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür.