Fərhad Cabbarov: "Şeyxülislamın verdiyi şəhadətnamədə niyə 1823-cü il yazılıb, bu da müəmmalıdır"
"Bir ölkənin daxilində görkəmli şəxsiyyətlə bağlı belə mübahisəli məqamın yaranması xoş deyil"
Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib. Deməli, UNESCO Tağıyevin yaşını 1823-cü ildən hesablayır. Lakin Tağıyevin məzarında doğum tarixi kimi 1838-ci il qeyd olunub.
Eyni zamanda, ötən ay metronun "İçərişəhər" stansiyasının qarşısında ucaldılan Tağıyevin heykəlinin məlumat lövhəsində də doğum tarixi olaraq 1838-ci il yazılıb. Tağıyevin doğum tarixi ilə bağlı ziddiyyətə aydınlıq gətirmək üçün APA-nın Mədəniyyət Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, Hacı Zeynalabdin Tağıyevin doğum haqqında şəhadətnaməsində əldə olunan mənbələrə görə, 1823-cü il qeyd olunub: “Ancaq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda hər iki mənbədən - həm 1823-cü il, həm də 1838-ci ildən istifadə olunur. Hər iki mənbə də əsas sayılır. Hər iki versiyanın özünün əsasları var. Biri doğum haqqında şəhadətnaməyə, digəri isə qohumlarının xatirələrindən, təxmini hesablamalarından əldə olunan mənbəyə əsaslanır”.
Qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrdə kargüzarlıq sistemi formalaşmadığı üçün, üstəlik doğum haqqında şəhadətnaməni əldə olan istinadlara əsasən sonradan aldığına görə hər iki mənbədən də istifadə olunur. “Buna görə də Hacı Zeynalabdin Tağıyevin dəqiq anadan olduğu tarix tam bəlli deyil”, - qeyd olunub.
“Şərq”ə açıqlamasında Fərhad Cabbarov hansı səbəblərdən məhz 1838-ci ilin üzərində dayanıldığına bir daha aydınlıq gətirdi:
- Hacı Zeynalabdin Tağıyevin 1823-cü il təvəllüdlü olduğunu göstərən bir mənbə var: Şeyxülislam tərəfindən verilmiş doğum haqqında şəhadətnamə. Amma 1838-ci il təvəllüdünə dair 3 mənbə var – N.Nərimanovun Tağıyev haqqında yazdığı kitab, Çar Rusiyasının 1846-cı ildə Bakıda keçirdiyi kameral siyahıyaalma və Tağıyevin qızı Sara xanımın söylədikləri. Lap tutalım, 2 sənədə inanmadıq, qızının söylədiyi tarixə necə inanmaya bilərik. Hər halda qızı atasının doğum tarixini dəqiq biləcəkdi. 1846-cı ildə Bakıda keçirilmiş kameral siyahıyaalma sənədləri bu gün də Milli Arxid İdarəsində qorunur. Maraqlı olan həm də budur ki, çar Rusiyası qızları yox, məhz oğlan uşaqlarını siyahıya alırdı. Siyahıya alanlar ev-ev gəzirdilər və ailədə neçə övlad olduğunu, təvəllüd tarixlərini soruşub qeydə alırdılar. H.Z.Tağıyevlə bağlı sənəddə də “Zeynalabdin Tağı oğlu Tağıyev – təvəllüd 1838-ci il” qeyd edilib. Mənə elə gəlir ki, Tağıyev bəlkə heç özü də təvəllüd tarixini dəqiq bilmirdi. Şeyxülislamın verdiyi şəhadətnamədə niyə 1823-cü il yazılıb, bu da müəmmalıdır. Bəzən insanlar doğum tarixlərini bilərəkdən dəyişdirir. Amma adətən bu, yaşın azaldılması olur. Tağıyev niyə yaşını böyütməliydi?! Bu, hələ də sirdir.
F.Cabbarov digər mühüm bir məqama da diqqət çəkdi:
- Burada məsələ UNESCO-nun Tağıyevin 200 illiyini nə zaman, hansı ildə qeyd edəcəyi deyil. Doğum tarixinin 1823 və ya 1838 olması da H.Z.Tağıyevin şəxsiyyətinə heç bir kölgə salmır. Amma Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə düşür. Cənab Prezident H.Z.Tağıyevin abidəsinin açılışını etdi və abidənin qarşısındakı lövhədə görkəmli messenatın doğum tarixi 1838-ci il qeyd edilib. Bəs Mədəniyyət Nazirliyi hansı əsasla UNESCO-ya ünvanladığı müraciətdə Tağıyevin doğum tarixini 1823-cü il göstərib? Bir ölkənin daxilində görkəmli şəxsiyyətlə bağlı belə mabahisəli məqamın yaranması xoş deyil.