Qalib və bədbəxt generallar hekayəsi: Stalin onları güllələtdi




“Yadımdadır, müharibə başlayanda Stalin necə yazıq görkəm almışdı, necə ağlayırdı...”  

Generalı güllələnməyə aparan sözlər.  Çuğulluq edən kim idi? 

Stalinin generalları - Faşizm üzərində qələbə çalmış generallar! Onlardan neçəsi sinəsi ordenlərlə dolu olsa da, məhz sinəsindən güllələndi. Niyə? Buna generalların Stalinin arxasınca qeybət etməsi səbəb oldu. Demə, onların dediyi hər söz qeydə alınırmış.  

1950-ci ildə Sovet Ordusunun bir marşal və bir neçə generalının təltifləri ləğv edilib, rütbələri alınıb, özləri isə güllələnib. Baxmayaraq ki, onlar Böyük Vətən Müharibəsinin qalibi idilər. Amma İosif Vissarionoviç onları bağışlamadı. Dilləri çox “uzanmışdı”, ona görə. 

 “Şərq” Rusiya mediasına istinadən qalib və bədbəxt generalların hekayəsini təqdim edir. 
Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Vasiliy Qordov. 1947-ci ilin yanvarında  dövlət təhlükəsizliyi naziri Abakumov Stalinin masasına V.Qordovun dostu ilə söhbətinin stenoqramını qoyur. 

Dostu, general Rıbalçenko ilə söhbətdə V.Qordov kolxozlarda baş alıb gedən aclıqdan, əhalinin aclıqdan küçə heyvanlarını tutub yeməsindən, sovet mətbuatında yazılanların başdan-ayağa yalan, uydurma olmasından, dövlət aparatının isə rüşvət və yaltaqlıq üzərində qurulduğundan əsəbi şəkildə danışırdı. Bundan da betəri isə o idi ki, Qordov həyat yoldaşı ilə söhbətdə, həm də sərxoş halda, Stalinin müharibənin ilk günlərində necə yazıq görkəm aldığını, hətta ağladığını deyirdi, “dahi rəhbəri” əxlaqsız ifadələrlə təhqir edirdi. Abakumov qorxusundan bu sözləri stenoqrama daxil etməmişdi, həmin sözləri “yoldaş Stalinə qarşı kobud ifadələr” kimi qeyd edərək, nöqtələr qoymuşdu. Deməli, generalların mənzillərində, qonaq qaldıqları mehmanxana otaqlarında, kabinetlərində - qısası ola biləcəkləri hər yerdə səsləri yazılırmış.  Sonra da bu səs yazıları DTK-da dinlənirdi və Stalinin qarşısına qoyulurdu. Dövlət xadimlərinin hər hansı ehtiyatsız danışığı onlara çox baha başa gəlirdi. Sözün həqiqi mənasında başları ilə cavab verirdilər. General Qordovla bağlı da belə oldu. Abakumovun Stalinə məruzəsindən bir neçə gün sonra o həbs edildi və 58-ci maddə ilə günahlandırılaraq güllələndi. 1956-cı ildə isə (Stalinin ölümündən sonra) generala bəraət verildi və titulları, təltifləri də qaytarıldı. 

General Filip Rıbalçenko da general Qordovla “iş birliyində” olduğuna görə, həbs edilərək güllələnmişdi. Rıbalçenko Soçidəki istirahətindən qayıdarkən yolüstü Kuybışev şəhərində Qordovun qonağı olur və orada söhbət zamanı Stalinin ünvanına xoşagəlməz ifadələr işlədir, ölkədə hər şeyin baş-ayaq olmasından danışır: Çar dövründə olduğu kimidi. Nazirlər yeyib şişiblər, elə bil onları havayla doldurublar. Bir kəndlinin boynunda 77 nəfər “oturub”. Ancaq raport verirlər, gözə kül üfürürlər. Bürokratiya, rüşvət, yoxsul xalq!” Rıbalçenko da Stalini əxlaqsız sözlərlə təhqir edir, deyir ki, kəndlilər rəhbəri sevmir, gözləyirlər ki, gəbərsin, bəlkə ağ günə çıxsınlar. Rıbalçenko SSRİ-nin beynəlxalq nüfuzunun olmadığını da deyib. “Bunlar hamısı şişirtmədir. Molotov (o illərdə SSRİ xarici işlər naziri) bu qədər konfranslara gedir, Trümen (o illərdə ABŞ prezidenti) onu heç vaxt qəbul etməyib. Amma Ruzveltin (ABŞ-ın ozamankı sabiq prezidenti) oğlu bura gəlir, Stalin onu bəh-bəhlə qəbul edir”.  Rıbalçenko məhkəmədə əvvəlcə verdiyi ifadədən imtina etdiyini,  o ifadəni işgəncələr altında, məcbur qalaraq imzaladığını deyirdi. General Rıbalçenkoya da  1956-cı ildə bəraət verildi. 

Marşal Qriqoriy Kulik də “gizli antisovet təşkilatının üzvü” kimi 1947-ci ildə güllələnib. Onun da Qordov və Rıbalçenko ilə birlikdə “Moskva” mehmanxanasında qonaq qaldığı zaman sovet quruluşu əleyhinə danışdıqlarının stenoqramı tərtib edilmişdi. Nəticə eyni oldu. Marşal Kulik də güllələndi. Və yalnız 1956-cı ildə ona bəraət verildi. 

Qeyd edək ki, bu məşum stenoqramları tərtib edən, dövlət xadimlərinin, generalların, az qala hamının, hər kəsin atdığı addımı izləyən dövlət təhlükəsizliyi naziri Vasili Semenoviç Abakumovun özü də 1954-cü ildə güllələnib. Partiyadaşı, “silahdaşı” Beriyanın qurduğu tələ sayəsində. Abakumov kommunist partiyası tarixində ən qəddar dövlət xadimi kimi qalır. Bu insanın kəsdiyi başa sorğu-sual yox idi. Ahıska türklərinin, çeçenlərin doğma yurdlarından sürgün edilməsi prosesi də Abakumovun adıyla bağlıdır. Qatil, nəhayət özü də layiqli cəzasını aldı. 

Hazırladı: Məlahət