“Hayırsız Ada”: Bu dəhşətli it qırğını tarixə düşüb - Foto

Osmanlı dövründə itlərin tərk edildiyi yer olaraq bilinən “Hayırsız Ada” (Xeyirsiz ada) məşhur İmralı adasından bir neçə mil məsafədə yerləşir. Əsl adı Sivri olan adanın adı Osmanlı Sultanı II. Mahmut dövründə dəyişdirilib. Səbəbi isə tarixə düşmüş dəhşətli it qırğınları ilə bağlı olub. 

“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 800-cü ildə ilk dəfə olaraq İstanbulda hədsiz çoxalan və ziyan verməyə başlayan köpəklər toplanaraq adaya göndərilib. 


Adada ac-susuz qalan heyvanlar kütləvi tələf olduğu üçün insanlar “heyvanlara əzab vermək uğursuzluq gətirir, itləri orada qoymayaq” deyərək üsyan etməyə başlayıb. Nəticədə sağ qalan itlər yenidən İstanbul küçələrinə buraxılıb. Lakin xalqın bəhs etdiyi “uğursuzluq” gəlib. Misir valisinin oğlu İbrahim Paşa ordusu ilə Qahirədən qalxaraq Kütahyaya gəlib və Osmanlıya təhlükəli anlar yaşadıb. 

1910-cu ildə “köpək məsələsini” bu dəfə İstanbulun bələdiyyə başçısı Suphi bəy həll etmək istəyib. Bir neçə gün ərzində təxminən 80 min it məcburi ada “səyahətinə” aparılıb. O dövrdə yazılmış mənbələrə görə, gecə İstanbulda 80 min köpəyin fəryadı eşidilirmiş. Ancaq səslər bir neçə gündən sonra dayanıb, çünki sağ qalmaq üçün bir-birlərini yeyən itlərdən heç biri sağ qalmayıb. 


İstanbul xalqının gözlədiyi bədbəxtlik də təxirə düşməyib. Bu dəfə Balkan müharibəsi başlayıb və on minlərlə insan ölüb.