Mart soyqırımından 104 il ötür

Boran Əzizli: "Təbliğatı beynəlxalq müstəviyə daşımağın vaxtıdır"

"Soyqırıma həsr olunmuş qısametrajlı bədii filmlərin çəkilməsi və xarici telekanallarda yayımlanması da çox vacibdir"

   1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 104 il ötür. Hər il martın 31-i günü Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmaqdadır. Dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. 31 Mart soyqırımı mənfur ermənilərin azərbaycanlıları yer üzündən silmə niyyətlərinin bariz nümunəsidir. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. 

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. 

Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. İllər keçsə də, bu hadisələr yaddaşdan silinmir və silinməyəcək. Əksinə, bizə daim keçmişimizi, xəbis qonşularımızın niyyətini xatırladır. Qeyd edək ki, 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib. 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib. 

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bir neçə il əvvəl Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin yüz il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Soyqırımın 104-cü ildönümü ilə bağlı “Şərq”ə danışan tarixçi-alim Boran Əzizli “Şərq”ə deyib ki, erməni vəhşilikləri ilə bağlı ardıcıl tədbirlərin keçirilməsi olduqca zəruridir. Alim bəyan edib ki, ermənilərin bizə qarşı törətdikləri soyqırımlar Azərbaycanın dövlət müstəqilliyi və istiqlalına mane olmaq məqsədi daşıyırdı:

 “Dünyada 5000-ə yaxın xalq var, amma sadəcə 196 müstəqil dövlət qurulub. Müstəqil dövlətə sahib olmaq bizim üçün ən böyük və vazkeçilməz dəyərdir. Ermənilər etnik təmizləmə yolu tutaraq məhz bunun qarşısını almağa cəhd göstərirdilər. O baxımdan erməni vəhşiliyi mütəmadi, özü də sadəcə ildönümlərdə deyil, digər günlərdə də təbliğ olunmalıdır. Xalqımıza qarşı törədilmiş soyqırımların, kütləvi qırğınların xatırlanması, qətl edilmiş günahsızların anılması insanların tarixi yaddaşını təzələyir, vətənpərvərlik duyğuları aşılayır, dövlətə bağlılığı artırır. Dövlətin gücü sadəcə silah-sursatla deyil, eyni zamanda ictimaiyyətin şüurluluq səviyyəsi, vətəndaşlıq missiyası ilə ölçülür. Soyqırım və digər hadisələrin hər il qeyd olunması ilə xalqımıza çatdırılır ki, Azərbaycan dövləti təsadüfən yaranmayıb. Bu dövlət bizə kiminsə hədiyyəsi deyil. Uzunmüddətli gərgin və qanlı mübarizənin, çoxlu qurbanların, şəhidlərin qanı hesabına dövlətimizi qurmuşuq”.

B.Əzizin fikrincə, soyqırımın ildönümünün daha genişmiqyaslı və düşünülmüş şəkildə, həm də beynəlxalq müstəvidə qeyd olunması zəruridir:

 “Düzdür, hər il televiziya, radio, qəzet və saytlarda, o cümlədən ayrı-ayrı təhsil müəssisələrində, müxtəlif ictimai təşkilatlarda 31 Mart soyqırımı qeyd olunur. Ancaq təbliğatı beynəlxalq müstəviyə daşımağın vaxtıdır. Soyqırımla bağlı materialların, o dövrdə Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı sənədlərin xarici dillərə çap olunmasına ciddi ehtiyac var. Soyqırıma həsr olunmuş qısametrajlı bədii filmlərin çəkilməsi və xarici telekanallarda yayımlanması da çox vacibdir. Yəni müxtəlif vasitələrdən istifadə edərək erməni vandalizmini davamlı ifşa etməliyik”.