"Azərbaycan tarixində Türk Albaniya" 

Azərbaycan "Türk Ocağı" Mirzə Bala Məmmədzadənin kitabını çap etdirdi.
Azərbaycan "Türk Ocağı" İctimai Birliyinin təşəbbüsü ilə milli azadlıq hərəkatı mücahidi, ictimai-siyasi fikir tariximizin nəhənglərindən Mirzə Bala Məmmədzadənin "Azərbaycan tarixində Türk Albaniya" əsəri çap olunub. 

1951-ci ildə Ankarada nəşr edilən M.B.Məmmədzadənin bu əsəri Azərbaycan "Türk Ocağı"nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının giriş, filologiya üzrə fəlsəfə doktoru Aydın Qasımlının ön sözüylə işıq üzü görüb. 300 tirajla çap olunan əsəri Azərbaycan türkcəsinə jurnalist-araşdırmaçı Sərxan Carçı uyğunlaşdırıb. Azərbaycanın qədim dövlətçilik tarixini əhatə edən, müxtəlif mənbələrə istinadən yazılan kitab bu gün də aktuallığını, elmi dəyərini qoruyub saxlayır. 

Alban tarixşünaslığını, irsini mənimsəməyə çalışan erməni və bəzi qafqazdilli xalqların iddialarının əksinə, Albaniyada aparıcı etnik soy-kökün türklərə məxsusluğunu isbatlayan "Azərbaycan tarixində Türk Albaniya" əsəri tarixin qaranlıq mərhələlərinə işıq salır. 

Albaniyanın   təşəkkülü, siyasi-tarixi coğrafiyası, etnik tərkibi bu əsərdə tarixi mənbələrə söykənərək araşdırılıb. Təəssüf ki, Azərbaycan tarixçiləri, albanşünasları bu qiymətli məxəzdən yetərincə yararlanmayıb, tədqiqatlarında faktlardan istifadəni üstün hesab etməyiblər.

Azərbaycan "Türk Ocağı"nın ilk kitab layihəsi olan  "Azərbaycan tarixində Türk Albaniya" əsərinin maraqla qarşılanacağı şübhəsizdir. Yaxın günlərdə kitabın təqdimat mərasimin keçiriləcəyi planlaşdırılıb.