Əhməd Cavadın abidəsi ucaldılmalıdır, doğulduğu Şəmkirdə ev muzeyi yaradılmalıdır
Nəsiman Yaqublu: "Onun Türkiyə ilə bağlılığı çox sıx olub. Türkiyədəki bütün irsi toplanmalı və çap edilməlidir. Əhməd Cavadın adı əbədi yaşadılmalıdır, haqqında televiziya verilişləri hazırlanmalıdır"
Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü qeyd ediləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.
Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Şair daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub. Dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib. Xalqımızın milli iradəsi və azadlıq, istiqlaliyyət əzmini göstərmək baxımından da Azərbaycan Xalq Cümhuriyyəti xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu gün olduğu kimi o zamanlar da şair və ədiblərimiz bu müstəqilliyin sevinci ilə yaşayıb, onu əsərlərinin ana mövzusuna çeviriblər. O zaman yaranan ədəbi əsərlərdə aparıcı mövzu xalqımızın istiqlaliyyət rəmzi olan Azərbaycan Xalq Cümhuriyyəti və onun dövlətçilik atributları, xalqın mücadilə əzmi olub. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1891-1937) yaradıcılığı da Azərbaycan dövlətçiliyi və dövlət atributlarının tərənnümü baxımından xüsusilə diqqət cəlb edir. Onun haqqında bəhs edənlər onu daha çox “milli istiqlalımızın tərənnümçüsü” adlandırırlar. Vətənə dərin məhəbbət bəsləyən, onun müstəqilliyi və dövlətçiliyini qürurla qarşılayan şair Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti yadelli düşmənlər tərəfindən devrildikdən sonra onun həsrətini daim əsərlərində ifadə etdirib.
Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı “Şərq”ə danışan tarixçi-alim, professor Nəsiman Yaqublu deyib ki, Prezidentin sərəncamını yüksək qiymətləndirib. Alim bildirib ki, Əhməd Cavad Azərbaycanda ictimai-siyasi şüurun formalaşmasında, dövlətçilik tarixində çox mühüm rol oynamış bir şəxsiyyətdir:
“Əhməd Cavadın yaradıcılığının əsas hissəsi Azərbaycan dövlətinin, dövlətçiliyin təbliğatına, tərənnümünə həsr olunub. Şair bu məfhumlara sevgi, bağlılıq aşılayıb. Azərbaycan dövlətinin rəmzləri, bayraq haqqında ən gözəl və ilk şeiri Əhməd Cavad yazıb. O, sadəcə şair deyil, həm də bizim istiqlal məfkurəmizin daşıyıcısı və təbliğatçısıdır. Üçrəngli bayrağımızın tərənnümçüsüdür. Əhməd Cavaddan sonra bugünədək o səviyyədə bayrağa sevgi ruhunda şeir yazan ikinci şairimiz olmayıb. 1937-38-ci illərdə Ə.Cavad ona görə həbs olundu və güllələndi ki, o, Azərbaycan Cümhuriyyətini, bayrağımızı təbliğ edirdi. O səbəbdən düşünürəm ki, Əhməd Cavadın anadan olmasının ildönümünü sadəcə yubiley xətrinə keçirməli deyilik. Əhməd Cavad haqqında hələ sovet dönəmində ilk kitabı yazmaq, çap etdirmək mənə qismət olub. Sovet vaxtı Əhməd Cavad və ya başqaları haqda yazmaq o qədər də asan deyildi. Düşünürəm ki, 130 illikdə həmin əsəri yenidən çap etdirim. Orada çox əhəmiyyətli məqamlar var”.
N.Yaqublu vurğulayıb ki, 130 illik yubileylə bağlı mühüm işlər görülməlidir: “Əhməd Cavadın abidəsi ucaldılmalı, doğulduğu Şəmkir rayonunda ev muzeyi yaradılmalıdır. Ə.Cavadın Azərbaycan mətbuatında dərc olunmuş xeyli yazısı hələ də çap olunmayıb. O yazıları toplayıb, kitab halında nəşr etməliyik. Şairlə bağlı Türkiyədə yeni arxiv sənədlərini axtarıb-tapmaq lazımdır. Onun Türkiyə ilə bağlılığı çox sıx olub. Türkiyədəki bütün irsi toplanmalı və çap edilməlidir. Əhməd Cavadın adı əbədi yaşadılmalıdır, haqqında televiziya verilişləri hazırlanmalıdır. Ailə üzvləri ilə bağlı maraqlı proqramlar hazırlamaq mümkündür. Həyat yoldaşı Şükriyyə xanım 10 ilə yaxın həbsxanada qalıb. “Günahı” Əhməd Cavadın həyat yoldaşı olmaq idi. Məncə, Şükriyyə xanımla bağlı da gözəl veriliş ərsəyə gətirmək olar. O, məşhur bəy nəslindən olub, Acarıstanda çoxlu qohumları var. Evləri də durur, onları tapıb çəkmək olar. Görüləsi işlər çoxdur. Mən Əhməd Cavad haqqında öz yazılarımla mətbuatda çıxış edəcəm”.