Boran Əzizli: "Diasporamız bu işdə xüsusi fəallıq nümayiş etdirməlidir"
"Azərbaycana, Şuşaya gəlmiş soydaşlarımız bu tarixi bilgilərdən xəbərdar olmalıdır. Onlar yaşadıqları ölkələrdə ermənilərin Cənubi Qafqaza sonradan köçürüldüklərini, qarşılarına konkret məqsədlər qoyulduğunu bilməlidirlər"
Dünya Azərbaycanlılarının V Qurultayında geniş nitq söyləyən Prezident İlham Əliyev tarixin mühüm dövrlərinə xüsusi diqqət yönəldib. Önəmli nüansları xatırladan dövlət başçısı tarixi məqamların daim diaspor təşkilatlarının gündəliyində olmasının çox vacib olduğunu bildirib. Ölkə rəhbəri qeyd edib ki, 1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qoparıb: “Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu. Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edib”.
Prezident vurğulayıb ki, hər bir azərbaycanlı yaşadığı ölkənin ictimaiyyətini maarifləndirməyi bacarmalıdır. Ölkə rəhbəri bəyan edib ki, tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir:
“Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlayıb. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq”. Azərbaycan dövlət başçısı Zəngəzur məsələsinə də toxunub və bildirib ki, sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır: “XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır.
Dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlarla bağlı “Şərq”ə danışan tarixçi-alim Boran Əzizli “Şərq”ə deyib ki, Dünya Azərbaycanlıları Qurultayının məhz Şuşada keçirilməsi çox doğru addım olmaqla yanaşı, həm də böyük əhəmiyyətə malikdir. Alimin sözlərinə görə, uzun illər Vətən, Şuşa həsrəti ilə yaşayan adamların Qarabağa yenidən ayaq basması, həsrət yanğısını dindirməsi, eyni zamanda erməni vandalizmini görməsi olduqca vacibdir:
“İlk növbədə onu qeyd edim ki, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız Şuşa səfərindən sonra yaşadıqları dövlətin ictimaiyyətinə, mediasına Azərbaycan həqiqətləri ilə bağlı dolğun məlumat verəcəklər. Cənab Prezidentin tarixi xatırlatmaları və bununla bağlı diaspora təşkilatlarına tövsiyələri çox mühümdür. Ölkə rəhbəri xüsusilə qeyd etdi ki, ermənilər Qarabağda yerli əhali olmayıblar. Əgər ermənilər Qarabağda ta qədimdən yaşamış olsaydılar, türk xalqının qatı düşməni Sisianov 1805-ci ildə Kürəkçay müqaviləsini oradakı məliklərlə bağlayardı. Amma Sisianov müqaviləni məhz Qarabağın yeganə hakimi İbrahimxəlil xanla imzaladı. Bu məqam Qarabağ və ətrafının azərbaycanlılara məxsus olduğunu təsdiqləyir. Kürəkçay yeganə müqavilədir ki, Rus imperiyası öz imzası ilə Qarabağ xanlığının və onun sahib olduğu torpaqların Azərbaycana aid olduğunu qəbul etmiş oldu. O baxımdan Kürəkçay müqaviləsinin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Diasporamız bu işdə xüsusi fəallıq nümayiş etdirməlidir. Cənab Prezidentin Gülüstan və Türkmənçay müqavilələrini xatırlatması da önəmlidir. Rus-Qacar savaşları xalqımızı, millətimizi ikiyə böldü. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi prosesinə başlandı. Ona görə təsadüfi deyil ki, tarixi ədəbiyyatda ermənilər “Türkmənçayın övladları” kimi dəyərləndirilir. Ermənilər özləri də İrandan Azərbaycan torpaqlarına köçürülərkən bildirirdilər ki, “şahın çörəyindənsə, rusun otunu yemək yaxşıdır”. Ermənilər daim ruslara arxalanıb, amma zaman-zaman da onlara xəyanət ediblər. Ermənilərin satqınlığı hamıya məlumdur”.
Tarixçi vurğulayıb ki, ermənilər Naxçıvan və Qarabağla yanaşı, Qərbi Azərbaycana, Zəngəzura da köçürülüb:
“Çar Rusiyası dövründə aparılan siyasət təəssüf ki, sovet Rusiyası dönəmində də həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti erməni köçü prosesinin qarşısını alaraq onları dövlətin ərazi bütövlüyünü tanımağa məcbur etmişdi. Bolşeviklər torpaqlarımızı işğal etdikdən sonra ermənilər yenidən fəallaşdı. 1921-ci ildə bolşevik Rusiyasının köməyi ilə ermənilərə torpaqlarımızda muxtar vilayət yaradıldı. Vilayətin sərhədlərinə baxsaq, görərik ki, sanki hansısa dərzi qayçı ilə parçanı kefi istədiyi kimi kəsib-doğrayıb, ermənilərə pay verib. Onlar bununla kifayətlənmədilər. 1921-ci ilin sonuna kimi Zəngəzurun bir hissəsini, təxminən 4,4 min kv kilometr ərazini Azərbaycandan qopararaq Ermənistana verdilər. Naxçıvan torpaqları ana Vətəndan ayrı düşdü. Qazax tərəfdən 4,1 min kv kilometr ərazi də ermənilərə peşkəş çəkildi. 1921-ci il əvvəl Moskvada, sonra Qarsda Ermənistan-Gürcüstan-Azərbaycan üçlüyü ilə Rusiya və Türkiyə arasında Naxçıvanın ərazisi müəyyənləşdirildi. 5,9 min kv kilometr ərazinin Azərbaycana məxsus olduğu, üçüncü dövlətə güzəştə gedilməsinin mümkünsüzlüyü qeyd olundu. Çox qəribədir ki, 1929-cu ildə yenə də Moskvanın köməyindən istifadə edən Naxçıvanın 657 kv kilometr ərazisini zəbt etdilər. Müqaviləni kobudcasına pozdular. Bax, dünyanın müxtəlif ölkələrindən Azərbaycana, Şuşaya gəlmiş soydaşlarımız bu tarixi bilgilərdən xəbərdar olmalıdır.
Onlar yaşadıqları ölkələrdə ermənilərin Cənubi Qafqaza sonradan köçürüldüklərini, qarşılarına konkret məqsədlər qoyulduğunu bilməlidirlər. Təbii ki, bununla paralel torpaqlarımızı 30 il ərzində işğalda saxlayan ermənilərin vandal hərəkətləri, vəhşilikləri də təbliğ edilməlidir”.