Xosrov bəy Sultanov AXC süqut etdikdən sonra da Qarabağın azadlığı uğrunda mübarizə aparıb
"O baxımdan Xosrov bəyin adının Qarabağ və Zəngəzurda istənilən mövqeyə verilməsi onun ruhunun şad olması deməkdir"
Millət vəkili Məlahət İbrahimqızı Milli Məclisin dünənki iclasında maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki, Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adı verilsin. Parlament üzvü xatırladıb ki, Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adını verilməsi qaldırılıb:
“Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı mənə müraciətlər edib. Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Njdeyə, Andranik Ozanyana qarşı mübarizə aparan Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adının verilməsi təklif olunub”. Millət vəkili Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edib.
Parlamentarinin təklifini “Şərq”ə dəyərləndirən tarixçi-alim, professor Nəsiman Yaqublu deyib ki, Sultanov qardaşlarının, xüsusilə Xosrov bəy Sultanovun Azərbaycan tarixində böyük xidmətləri olub. Alim vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xosrov bəy Sultanov rəsmi şəkildə Qarabağın general-qubernatoru vəzifəsini icra edib. Eyni zamanda Cümhuriyyət dövründə ilk hərbi nazirimiz olub:
“Qarabağ bölgəsinin ermənilərdən, erməni separatçılarından, terrorçu və quldurlardan təmizlənməsində Xosrov bəyin əvəzsiz xidmətləri olub. Təbii ki, Sultan bəy Sultanovun da xidmətləri danılmazdır. Amma Xosrov bəy dövlət tərəfindən təyin olunmuş şəxs kimi bölgədə Cümhuriyyətin tapşırıqlarını həyata keçirib. Ərazimizin bütövlüyü uğrunda mübarizə aparıb. Qarabağda əmin-amanlığın yaradılmasında böyük xidmətləri olub. O, Şuşanı Qarabağın mərkəzi edib. Şuşada axtarış aparılarsa, fəaliyyət göstərdiyi binanı, onun yerini tapmaq mümkündür”.
N.Yaqublu vurğulayıb ki, Xosrov bəy Sultanov AXC süqut etdikdən sonra da Qarabağın azadlığı uğrunda mübarizə aparıb: “Silahlı üsyanların təşkilatçılarından olub. Türkiyədən İrana, oradan Laçına gəlib.
Zəngəzurda gedən müqavimət hərəkatına rəhbərlik edib. Xosrov bəy Qarabağın general-qubernatoru olarkən Zəngəzur bölgəsinə də nəzarət edib. 1921-ci ildə Zəngəzurun bir hissəsi Ermənistana verilənədək tarixi torpaqlarımız bizim nəzarətimizdə olub. Sonra ermənilərə verilib. Xosrov bəy Birinci Dünya müharibəsi dövründə savaşdan əziyyət çəkən İğdırda, Qarsda qardaşlarımıza kömək edib. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə yaradılmış Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi uzun müddət Qarsda qalıb. Yaralılara, ağır vəziyyətdə olanlara əlindən gələn köməkliyi göstərib. Xosrov bəyin mətbuatda çoxlu yazıları, məqalələri var. Öz həyatını, fəaliyyətini Azərbaycanın azadlığına həsr edib”.
Tarixçi qeyd edib ki, əgər söhbət Cümhuriyyət dövründə Zəngəzurun, Qarabağın azad edilməsindən, erməni quldurlarından təmizlənməsindən, bayrağımızın dalğalanmasından gedirsə, orada mütləq Xosrov bəy Sultanovun adı çəkilir: “Xosrov bəy Sultanov Qarabağ və Zəngəzurun mücadilə simvoludur. 1919-cu ildə həm Xankəndidə, həm də Şuşanın İstiqlal meydanında Azərbaycan Milli Ordusunun hərbi paradının keçirilməsində Xosrov bəyin böyük rolu olub. Özü də həmin paradda iştirak edib. O baxımdan Xosrov bəyin adının Qarabağ və Zəngəzurda istənilən mövqeyə verilməsi onun ruhunun şad olması deməkdir. Eyni zamanda tarixi ədalətin bərpasıdır”.