"Heydər Əliyev epoxal siyasi xadim idi"

"Ulu öndərin Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir"

"Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür"


"Biz Heydər Əliyev haqqında danışanda onu Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk şüurunun formalaşdırıcısı, Ümummilli Lider, Ulu Öndər kimi çox qiymətli və məzmunlu sözlərlə yad edirik".

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, bütün bunları deyərkən, eyni zamanda, hiss edirik ki, nəyisə yenə demək lazımdır: 

"Lakin onu ifadə etmək üçün söz tapa bilmirik.  Düşünürəm ki, Heydər Əliyevin böyüklüyü elə bundadır. Yəni, Azərbaycan dilinin leksik fondunda o böyüklüyü ifadə etmək üçün söz yoxdur. Bu isə Heydər-Xalq, Xalq-Heydər vəhdətinin elə özüdür. Heydər Əliyev epoxal siyasi xadim idi. Onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir. Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür. Onun Azərbaycanda hakimiyyəti bir-birinə tamamilə zidd olan siyasi-ideoloji sistemlərdə mövcud olsa da, fəaliyyətinin cazibə mərkəzi daim Azərbaycan dövlətçiliyi olub. Ancaq şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı. Onun adı və fəaliyyəti Azərbaycanın siyasi-inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır”.

Parlament üzvü bəyan edib ki, Heydər Əliyev istər sovet xalqları,  istərsə də bütövlükdə türk xalqlarının tarixində  mühüm rol oynamış bir siyasi xadimdir: 

"Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarlar bu gün müasir Türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən Azərbaycan  müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır”.