Bu gün cümhuriyyət qurucularının arzu və istəkləri həyata keçirilib
Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin ən şanslı və parlaq səhifəsidir
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 104 il ötür.
1918-ci il mayın 28-də yaradılan və ölkəmizin dövlətçilik tarixində mühüm yer tutan Cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Cəmi 23 ay yaşamasına rəğmən AXC xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
AXC Azərbaycan türklərinin nəinki keçmişini, eyni zamanda gələcək hədəflərini özündə əks etdirən elə bir bayraq ucaldıb ki, bu gün də o bayraq bizim başımızın üstündə dalğalanır. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Bu gün isə məhz 104 il əvvəl ucalan üçrəngli bayraq müstəqil Azərbaycanın səmalarında dalğalanaraq AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolunu daim bizə xatırladır.
Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan ümummilli lider Heydər Əliyev də hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirib, müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.
104 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışan millət vəkili, professor Musa Qasımlı “Şərq”ə açıqlamasında Cümhuriyyət dövrünün Azərbaycanın dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələrindən biri olduğunu deyib:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin ən əhəmiyyətli səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq cümhuriyyət formasında müstəqil dövlətin qurulduğunu elan edib, respublika yaradıblar”.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika olduğunu xatırladan millət vəkili deyib ki, ilk dəfə Cümhuriyyət fikrini və idarə üsulunu müsəlman Şərqinə Azərbaycan xalqı gətirdi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Azərbaycan Cümhuriyyəti daxili səbəblərdən deyil, xarici, hərbi müdaxilə nəticəsində süquta uğradı. Süquta uğramasına baxmayaraq, cümhuriyyətin böyük tarixi əhəmiyyəti oldu. Əgər cümhuriyyət qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası da qurulmazdı. Sovet dövründə cümhuriyyət bayrağı qadağan edildi. İlk dəfə Ulu Öndər Heydər Əliyevin liderliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında üçrəngli bayrağımız dövlət bayrağı olaraq elan edildi. O dövrdə hələ SSRİ, kommunist ideologiyası, Sovet sistemi mövcud idi. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa edilərkən bildirildi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyət tarixinin öyrənilməsində müstəsna rol Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama aiddir. Bu sərəncamdan sonra Cümhuriyyət tarixinin sistemli şəkildə öyrənilməsinə başlanılıb.
Bir sıra sənədlər çap edilib. Cənab Prezident İlham Əliyev tərəfindən Cümhuriyyət qurucularına İstiqlaliyyət küçəsində abidə qoyulub. Hər il dövlət başçımız mayın 28-də həmin abidəni ziyarət edir və cümhuriyyət qurucularının xatirəsinə ehtiram olaraq oraya çələng qoyur.
Bu gün cümhuriyyət qurucularının arzu və istəkləri həyata keçirilib. Azərbaycan güclü və müstəqil dövlətdir. Cümhuriyyətimizin 104-cü ildönümünü biz rəhbər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında müzəffər ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi ilə qeyd edirik”.