Azərbaycan və Ermənistan tarixçilərinin birgə komissiyası yaradılır? - AÇIQLAMA


Boran Əzizli:“Təbii ki, sülh müqaviləsi imzalandıqdan sonra komissiyanın yaradılması daha effektiv təsir göstərər”

“Amma ermənilərin yaradılacaq kommisiyada normal davaranacağına inamım yoxdur”


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam etdirilir. Gələcəkdə Azərbaycan və Ermənistan ziyalıları, tarixçiləri arasında görüşlər də keçirilə bilər. Lakin ortada tarixi məsələlərə baxışda mübahisəli məqamlar var. Uydurma “Böyük  Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunur. Hələ SSRİ məkanında onlar bu siyasətlərindən əl çəkməyiblər. Artıq süni xülyaların reallıqlarla üzləşməsi gərəkir. Görəsən, tarixçilərdən ibarət müştərək komissiya yaradıla bilərmi?

"Sherg.az"ın sualını cavablandıran tarixçi-alim Boran Əzizlinin fikirlərinə görə, sülh müqaviləsi imzalandığı təqdirdə tarixçilərin birgə komissiyasının yaradılması mümkündür:

"Təbii ki, sülh müqaviləsi imzalandıqdan sonra komissiyanın yaradılması daha effektiv təsir göstərər. Amma ermənilərin yaradılacaq kommisiyada normal davaranacağına inamım yoxdur. Çünki vaxtilə ermənilər Türkiyəyə qarşı qondarma soyqrımı iddiası irəli sürürdü. 

Türkiyə hökuməti dəfələrlə arxivləri açmaqla bağlı müraciət ünvanlamışdı. Qardaş ölkə onları gerçəklər ortaya çıxması üçün çağırırdı. Lakin ermənilər 10 ildən çox müddət keçməsinə rəğmən arxivləri açmadılar.Təkcə, Ermənistan deyil, bir sıra Avropa ölkəsi də Türkiyənin irəli sürdüyü təklifə soyuq yanaşdı. 

Birgə kommisiyanın yaradılması, arxiv materiallarının araşdırmaçılar tərəfindən təhlili gerçəklərin üzə çıxması, yalanın ifşası ilə nəticələnər".