Bu tarix insanlarımızın bir dövlət kimi yaşamaq arzusunun başlanğıcıdır
Azərbaycançılıq ideyasının təbliği:
Azərbaycanda 17 noyabr - Milli Dirçəliş Gününün növbəti ildönümü qeyd olundu. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Moskvanın və ozamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı.
Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. Bu gün regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaşa çevrilən Azərbaycan yaradıb.
Deputat Vüqar İskəndərov bildirib ki, Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən hadisələrdən qaynaqlanır. Onun sözlərinə görə, bu məsələnin kökündə Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiAzərbaycan siyasəti dururdu:
"Qeyd edim ki, XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəli Azərbaycanda baş verən hadisələri antisovet xalq hərəkatı adlandırmaq olar. Minlərlə insan 17 noyabr tarixində Azadlıq meydanına toplaşıb və uzunmünddətli mitinqlərə başlayırlar. Bu mitinqlər 1988-ci ilin 5 dekabrına qədər davam edir. Təbii ki, Milli Dirçəliş Günü milli azadlıq hərəkatının başlaması və xalqın azadlıq istəyi kimi qiymətləndirilir. Bu gün ölkəmizin istiqlaliyyət qazanmasına təsir edən amillərdən biridir. 17 noyabr mitinqlərinin tələbləri Azərbaycan hökumətinin Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, Topxanada baş verən hadisələrin bütün şəffaflığı ilə Azərbaycan xalqına televiziya vasitəsilə çatdırılması idi. Ağdam şəhərinə qoyulan qadağanın 24 saat ərzində ləğv edilməsini tələb edən xalqımız həmçinin ozamankı "Dağlıq Qarabağ Muxtar vilayəti"ndə partiya və sovet orqanlarının buraxılmasını tələb edirdi. Çünki ermənilər orada separatçı addımlar atmağa başlamışdı. Bu irəli sürülən təkliflər yerinə yetirilmədiyi müddət ərzində xalqımız mitinqlərin davam edəcəyini bildiriblər. Bu hadisə bir növ xalqın oyanışı idi, xalq azadlıq hərəkatının başlanğıcıdır və insanların sovet hakimiyyətinə qarşı dirənişidir. Həmin illərdə Azərbaycan dünyada tanınırdı, dünyanın nüfuzlu orqanlarında xalq hərəkatı ilə bağlı məqalələr çap olunurdu. Bu onu deməyə əsas verir ki, bu tarix bizim üçün çox əhəmiyyətlidir. İnsanların müstəqil bir dövlət kimi yaşamaq istəməsinin başlanğıcıdır".
Deputat Bəhruz Məhərrəmov da qeyd edib ki, Milli Dirçəliş ümummilli liderin məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərini çıxarmağa nail olması və üçrəngli bayrağın Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başlayıb: "Bunu belə bilək, çünki artıq tarixi proseslərə münasibətdə romantizmdən realizmə keçməyin vaxtıdır.
Milli Dirçəliş Gününü 1992-ci ildən qeyd etsək də, dirçəliş məfhumunun əsl mahiyyətini 2020-ci ilin 8 noyabr tarixində başa düşdük, Prezident İlham Əliyev Qələbə nitqində “Şuşa, biz səni dirçəldəcəyik” deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq: “Bu gün, postmüharibə dövründə isə biz hədəfə doğru inamla, qətiyyətlə irəliləməklə sözün əsl mənasında dirçəlirik. Elə dünən təsdiq edilən “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu dirçəlişdə bizim nə qədər qərarlı olduğumuzu, qətiyyətlə irəlilədiyimizi dünyaya göstərməkdədir. Bizim yalnız Qarabağ və Şərqi Zəngəzurda həyata keçirəcəyimiz bu proqram bütövlükdə bir çox dünya dövlətlərində həyata keçirilən ölkə miqyaslı proqramlardan daha əhatəlidir”.