Fazil Mustafa: “İndiyədək dövlət olaraq Nuru Paşanın haqqını verə bilmiriksə, bu bizim əməl dəftərimizə yazılan bir qüsurdur”
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasından 105 il ötdü. 1918-ci ilin sentyabrın 15-də baş vermiş bu tarixi hadisə həm də ölkəmizin qəhrəmanlıq tarixinin, Azərbaycan-Türkiyə hərbi qardaşlığının heç vaxt unudulmayacaq dəyərli səhifəsidir.
Millət vəkili Fazil Mustafa deyib ki, 15 sentyabr 1918-ci ildə Türk ordusu Anadoludan qoşaraq, şəhidliyi, qaziliyi göz önünə alaraq, Nuru Paşanın komandanlığı ilə yalnız Bakını işğaldan azad etmədi, bütöv bir xalqı yenidən diriltdi, onu hədəfi olan millətə çevirdi. Deputat diqqətə çatdırıb ki, xəyallarda 105 il öncəyə dönək və özümüzü 1918-ci ilin mart soyqırımından çıxmış azərbaycanlı kimi hiss edək: "Pərişan, miskin, ümidsiz duruma düşmüş bir xalq bu xəbərdən hansı duyğuları yaşayıbsa, bir anlığa həmin duyğuları siz də yaşayın. O zaman kimsənin qəhrəman türk əsgəri barədə yekəxana danışmasına, hətta düşünməsinə belə izn verməyəcəksiniz. O zaman özünüzü hansısa siyasi və ya dini idolların nökəri kimi deyil, qəhrəman Nuri Paşanın əsgərləri kimi şəxsiyyətli obrazda görəcəksiniz. Nəsib bəy Yusifbəylini öldürən cahil həmvətənlərimiz onun çantasından qızıl tapa bilmədikləri kimi, Nuru Paşanın çantasından da qızıl tapa bilməyəcəklər. Çünki Bakını işğaldan azad edərək məhz "qara" adlandırılan qızılı o, Azərbaycan Cümhuriyyətinə qaytardı. Evimdə ən uca yerdən Nuru Paşanın xalça üzərində toxunmuş rəsmi asılıb. İndiyədək dövlət olaraq Nuru Paşanın haqqını verə bilmiriksə, bu bizim əməl dəftərimizə yazılan bir qüsurdur. Heç olmazsa evimizdə, çevrəmizdə tanıyaq, tanıdaq, xatırlayaq. Ruhun şad olsun, şəhid Türk əsgəri! 1400 ilin ağlayan xalqı sizin dəyərinizi, verdiyiniz ərməğanı bilməz! Siz 105 ilin millətinin qəhrəmanlarısınız!".
Millət vəkili Nəsib Məhəməliyev də bildirib ki, Bakının daşnak-erməni, bolşevik birləşmələrinin işğalından azad olunduğu gün 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Parlament üzvü xatırladıb ki, mayın 28-də İstiqlal Bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni daşnaklarının və bolşeviklərin işğalında idi: "Yenicə elan olunmuş müstəqil dövlətin isə ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi, öz vəziyyətinin son dərəcə kritik olmasına rəğmən, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi, Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi. Tarix təkrar olunur. Əsrin sonlarında yaranmış boşluqdan sui-istifadə edən əzəli düşmənimiz xarici himayədarlarlarının dəstəyi ilə, Qarabağı 30 il işğalda saxladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə, Azərbaycanın yanında olduğunu bəyan edən ilk ölkə oldu. Cəmi 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları dünya hərb tarixinə yazıldı. Bu şərəfli gündə, gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz İslam Ordusunun şəhidlərini, komandan Nuru Paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik".