Azərbaycan Heydər Əliyevin Qurtuluş salnaməsi ilə intibahının ən parlaq dövrünə qədəm qoyub -ŞƏRH

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar və taleyüklü səhifələrindən biridir. 1993-cü ildə ölkədə hökm sürən siyasi böhran, xaos və parçalanma təhlükəsi dövlət müstəqilliyini ciddi sınaq qarşısında qoymuşdu. Belə bir mürəkkəb dövrdə xalqın çağırışına cavab verərək siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə ölkəni ağır böhrandan çıxardı.

15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə sabitlik bərpa edildi, dövlətçilik ənənələri möhkəmləndirildi, vətəndaş həmrəyliyi təmin olundu və müstəqil Azərbaycanın inkişafının əsası qoyuldu.

Politoloq Vaqif Abdullayev Sherg.az-a bildirib ki, Azərbaycan xalqı son 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır, XIX əsrin əvvəllərindən itirilmiş tarixi torpaqlarını və öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin Qurtuluş salnaməsi ilə intibahının ən parlaq dövrünə qədəm qoyub:

"33 il əvvəl Xilaskarımız Heydər Əliyevin sayəsində Azərbaycan fəlakətlərdən qurtularaq dönməz Yola qədəm qoydu. Hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı. 15 İyun Milli Qurtuluş bayramı ilə dövlətçiliyimizi qoruyub saxlandı. Qurtuluş Günü Azərbaycanın xilasının xilas simvoluna çevrildi. Zəfərə gedən Yolun parlaq rəmzini özündə daşıdı. Qurtuluş Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”. Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib. Azərbaycan Xalqı Qarabağın hər qarış torpağında, Şuşada Qurtuluş bayramını qeyd edir, Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur. Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır".