Həm şair, həm millət vəkili, həm də baytar… İstiqlal şairi Mehmet Akif Ersoy kimdir?

Sağlamlıq problemləri səbəbindən millət vəkilliyindən istefa verən Mehmet Akif Misirə köçüb. 1925-ci ildə Qurani-Kərimin tərcüməsi üzərində işləməyə başlayıb

Mehmet Akif Ersoyun həm doğum, həm də vəfat ildönümünü əhatə edən 20–27 dekabr tarixləri Türkiyədə İstiqlal şairini anma həftəsi kimi qeyd olunur. Sherg.az "ntv.com.tr"yə istinadən inancın, cəsarətin və qətiyyətin simvoluna çevrilmiş böyük şairin həyat yoluna qısa nəzər salır.

Uşaqlıq illəri

Mehmet Akif Ersoy 1873-cü ildə İstanbulun Fatih rayonunda dünyaya gəlib. Özbək əsilli bir ailənin qızı olan anası Emine xanım, atası isə alban mənşəli, Fatih məscidi mədrəsəsinin müəllimlərindən İpekli Tahir Əfəndi idi. Atası ona “Rahıb” adını versə də, bu ad geniş yayılmadığından daha çox Akif adı ilə tanınıb.

İlk təhsilini məhəllə məktəbində alan Akif daha sonra ibtidai məktəbə başlayıb. Fatih Mərkəz Rüştiyəsində oxuduğu illərdə eyni zamanda Fatih mədrəsəsində fars dili dərsləri alıb. Təhsil həyatı boyunca dil fənlərinə böyük maraq göstərən Mehmet Akif ərəb, fars və fransız dillərində xüsusi fərqlənib.

Rüştiyəni bitirdikdən sonra anası onun mədrəsə təhsili almasını istəsə də, atasının dəstəyi ilə 1885-ci ildə Mülkiyyə İdadisinə daxil olub. Lakin atasının vəfatı və ailənin ağır maddi vəziyyəti səbəbindən bu məktəbi yarımçıq qoymağa məcbur qalıb. Bir an əvvəl peşə sahibi olub ailəsinə dəstək vermək istəyən Akif Ziraət və Baytarlıq Məktəbinə daxil olub və 1893-cü ildə baytarlıq şöbəsini birinciliklə bitirib."Təşkilat"ı Məxsusa çərçivəsində fəaliyyəti

Hərbiyə Nəzarətinə bağlı Teşkilatı Mahsusadan gələn təkliflə İslam birliyi ideyasını yaymaq məqsədilə tunisli Şeyx Salih Şəriflə birlikdə Almaniyaya (Berlinə) gedib. Burada ingilislərlə birlikdə Osmanlıya qarşı döyüşərkən almanlara əsir düşmüş müsəlmanların saxlandığı düşərgələrdə araşdırmalar aparıb və bu insanları maarifləndirməyə çalışıb. Fransız ordusundakı müsəlmanlara xitabən hazırladığı bəyannamələr təyyarələr vasitəsilə cəbhələrə atılıb.

Daha sonra Ərəbistana göndərilən Mehmet Akifin əsas vəzifəsi, ərəbləri Osmanlıya qarşı qızışdırmağa çalışan ingilislərə qarşı fikri mübarizə aparmaq idi.

O, Osmanlı dövləti və digər İslam ölkələrində dini məsələləri həll etmək, İslama qarşı yönələn təbliğata cavab vermək məqsədilə yaradılmış Darül-Hikməti-İslamiyə cəmiyyətinə də üzv olub. Lakin onun Qurtuluş savaşını açıq şəkildə dəstəkləməsi bu qurumdakı fəaliyyətinin sona çatmasına səbəb olub.

Milli mübarizə və millət vəkilliyi

Cəmiyyətdəki vəzifəsinin bitməsindən sonra, TBMM-nin açılışından bir gün sonra -24 aprel 1920-ci ildə Ankaraya gəlib və Milli mübarizəyə şair, natiq, səyyah, jurnalist və siyasətçi kimi qatılıb.

O dövrdə Mustafa Kamal Paşa, Konya vali vəkilinə teleqram göndərərək Akifin Burdurdan millət vəkili seçilməsini xahiş edib. İyun ayında Burdurdan, iyulda isə Bigadan deputat seçildiyi xəbəri Məclisə çatıb. Mehmet Akif Burdur millət vəkilliyini seçərək 1920–1922-ci illərdə I TBMM-də deputat kimi fəaliyyət göstərib.

İstiqlal marşının yazılma hekayəsi

Dövrün milli təhsil naziri Hamdullah Suphi bəyin xahişi ilə dostu Hasan Basri bəy Mehmet Akifi milli marş müsabiqəsinə qatılmağa razı salıb. Akif əslində müsabiqədən xəbərdar idi, lakin 500 lirəlik mükafatı uyğun görmədiyi üçün əvvəlcə qatılmamışdı. Onun müsabiqəyə razılıq verməsindən sonra bəzi şairlər əsərlərini geri çəkiblər.

Türk ordusuna ithaf edilən İstiqlal Marşı 17 fevralda "Sıratı Müstakim" və "Hakimiyeti Milliye" qəzetlərində dərc olunub. Şeir Məclisdə Hamdullah Suphi bəy tərəfindən oxunaraq ayaqüstə dinlənilib və 12 mart 1921-ci il, şənbə günü saat 17:45-də Türkiyənin dövlət himni kimi qəbul edilib.

Mehmet Akif mükafat olaraq verilən 500 lirəni Hilali Ahmer nəzdində fəaliyyət göstərən, qadın və uşaqlara peşə öyrədən və cəbhə üçün geyim tikən "Darül Mesai" fonduna bağışlayıb.

Həyatının son illəri

Sağlamlıq problemləri səbəbindən millət vəkilliyindən istefa verən Mehmet Akif Misirə köçüb. 1925-ci ildə Qurani-Kərimin tərcüməsi üzərində işləməyə başlayıb, lakin bəzi səbəblərə görə bu işi tamamlamayıb. Siroz xəstəliyinə tutulduqdan sonra əvvəl Livana, sonra Antakyaya getsə də, sağalmadan yenidən Misirə qayıdıb.

Müalicə üçün 17 iyun 1936-cı ildə İstanbula dönən böyük şair 27 dekabr 1936-cı ildə, Beyoğlundakı Misir mənzilində vəfat edib. Məzarı iki il sonra universitet tələbələri tərəfindən tikdirilib. Yol çəkilişi səbəbindən qəbri Edirnəqapı Şəhidliyinə köçürülüb.