Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib

Böyük Britaniyanın London şəhərində yerləşən, dünyanın ən nüfuzlu universitetlərindən biri olan 

"University College London" (UCL)-nun rəhbərliyində aparılan araşdırmalara görə, Taylandın şimal-şərqində yerləşən Chaiyaphum bölgəsində yeni nəhəng uzunboyunlu ot yeyən dinozavr növünə aid fosillər tapılıb.

Sherg.az xəbər verir ki, alimlər təxminən 27 ton çəkisi olduğu düşünülən bu növü “Nagatitan chaiyaphumensis” adlandırıblar. Tapılan qalıqlar arasında təxminən 1,78 metr uzunluğunda ayaq sümüyü də yer alır.

Araşdırmaya əsasən, bu dinozavr 100–120 milyon il əvvəl, Kretase dövründə yaşayıb və Sauropoda qrupuna aid olub. Bu qrup Diplodocus və Brontosaurus kimi nəhəng dinozavrları da əhatə edir.

Alimlər bildiriblər ki, bu növ Cənub-Şərqi Asiyada indiyədək tapılan ən böyük uzunboyunlu ot yeyən dinozavrlardan biridir və uzunluğu təxminən 27 metrə qədər çatırdı.