Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı İslam tarixinin erkən dövrlərinə aid olduğu bildirilən 1700-dən çox qaya yazısı, qaya rəsmi və digər arxeoloji tapıntı aşkar edilib.
Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Miras Qurumu tərəfindən açıqlanan məlumatda bildirilir ki, tədqiqatlar Məhd bölgəsi ərazisində həyata keçirilib və ikinci mərhələ tamamlanıb.
Araşdırmalar nəticəsində Süveyrika, Muveyhiye və Haze bölgələrində ümumilikdə 1774 arxeoloji tapıntı sənədləşdirilib.
Bunlara aşağıdakılar daxildir:
461 İslam dövrünə aid yazı
34 Səmudi yazısı
1259 qaya rəsmi
11 daş tikili
3 qədim saray və tikili qalığı
2 tarixi karvan yolu
4 quyu
Miras Qurumu bu tapıntıların İslamın erkən dövrlərinə, xüsusilə də Həzrət Osman dövründən əvvəlki mərhələyə aid olduğunu və Ərəbistan yarımadasının tarixi-mədəni irsini anlamağa töhfə verdiyini bildirib.
Qurani-Kərim ayələri və erkən yazılar
Ən diqqətçəkən tapıntılar arasında Qurani-Kərimdən ayələr ehtiva edən qaya yazıları və Həzrət Ömər ibn Xəttab adına aid erkən dövr yazılar yer alıb.
Məlumata görə, bir yazıda belə ifadələr aşkar edilib:
“Allah Ömər ibn Xəttabın bu dünyada və axirətdə dostudur. Allahdan başqa ilah yoxdur.”

Yazının hicazi xəttlə yazıldığı və “İbrahim” adlı şəxs tərəfindən qələmə alındığı bildirilir.
Tədqiqatçılar həmçinin Nisa surəsi 58-ci ayə ilə bağlı yazıya da rast gəliblər:
“Allah sizə əmanətləri əhlinə verməyi və insanlar arasında hökm verdikdə ədalətlə hökm etməyi əmr edir.”
Mütəxəssislər bu tip yazıların Qurani-Kərim ayələrinin İslamın ən erkən dövrlərində yazılı formada istifadə edildiyini göstərməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edirlər.
Erkən İslam dövrünə aid izlər
Tapıntılar arasında çoxsaylı qaya rəsmləri və müxtəlif dövrlərə aid izlər də var. Rəsm və yazılar İslam dövlətinin ilk illərinə dair dini və sosial həyatı əks etdirən mühüm mənbələr kimi qiymətləndirilir.
Səudiyyə Miras Qurumu bildirib ki, bu tapıntılar bölgənin tarixi yaddaşını qoruyan mühüm sənədlərdir və tədqiqat işləri davam edir.
Rəsmi açıqlamada qeyd olunub ki, hər bir daş və yazı İslam tarixinin erkən dövrlərindən bir iz daşıyır və bu miras gələcək nəsillərə ötürüləcək.