M.Ə.Rəsulzadənin gizli ETİRAZI: Niyə Bakı Türkoloji Qurultayına qarşı çıxmışdı? - Faktlar

Akif Aşırlı

Türk xalqlarının həyatında müstəsina tarixi mərhələ olan 1-ci Bakı Türkoloji Qurultayı təkçə Azərbaycanda , Türkistanda, Sovetlər İttifaqının hüdudları içərisində deyil, Türkiyə, İran və bəzi Avropa ölkələrində də diqqət mərkəzində idi. Bu qurultay ideoloji əhəmiyyətinə görə, təkçə savadsızlığın aradan qaldırılması, ərəb əlifbasının Türk dilinin fonetik quruluşuna uyğun olmaması səbəbindən keçirilmirdi, bəzi siyasi səbəblər də hərf inqilabını zəruri edirdi.

Qurultay ərəfəsi Rusiyadan elmi səfərdən geri dönən professor Fuad Köprülü Trabzonda Türk Ocaqlarında verdiyi bir konfransda Rusiyanın əsarətindəki türklər üzərində Türkiyə ilə nüfuz savaşına çıxdığını açıqlamışdı. Qurultaya Türkiyə nümayəndəsi kimi qatılan professor F.Köprülü mərkəzi Rusiya mətbuatı "Pravda"nın Trabzonda etdiyi məruzəsini təhrif etdiyini bildirərək qurultayın açılışının sabahısı "Kommunist" qəzetində təkziblə çıxış etməli oldu. Türkiyə nümayəndə heyyətinin, xüsusən Azərbaycanda, Türküstanda və bütöv Türk çoğrafiyasında adları hörmətlə çəkilən professorlar Əli bəy Hüseynzadə və Fuad Köprülünün qurultaydakı mesajları, qəzetlərə verdikləri kiçik müsahibə və məqalələri, yol qeydləri ciddi araşdırma, elmi təhlil tələb edir. Hər iki alim ərəb əlifbasının dəyişdirilməsinin əleyhinə olmalarına baxmayaraq Azərbaycan mətbuatına verdikləri açıqlamalarda diplomatik davranaraq öz mövqelərini aşkar dilə gətirmir, yalnız inqilab tərəfdarı olduqlarını bəyan edirdilər. Ə. Hüseynzadənin bu susqunluğu, diplomatik davranışları, latınçılara açıq dəstək verməməsi "Kommunist" qəzetində çiddi tənqid olunurdu. Qurultayda aparılan müzakirələri Türkiyədə daha çiddi izləyən, hər kiçik detala belə siyasi məna verən mühacirlər ordusunun baş sərkərdəsi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə və silahdaşları ideloji baxışlarını Türkiyə mətbuatında açıq dilə gətirirdilər.

M.Ə.Rəsulzadə və silahdaşlarının məntiqinə və arqumentlərinə görə, Sovet Rus imperiyasının əsarət altına aldıqları Türk xalqlarının taleyində, gündəlik həyatında xeyli çiddi problemləri arxa plana keçirərək əsirlər boyu formalşan ərəb qrafikalı əlifbanın latın hərfləri ilə əvəzlənməsinin siyasi səbəbləri var. Bu səbəblər Anadolu Türkləri ilə Azərbaycan, Türkistan, İdil - Ural boyu türkləri arasında milli - mənəvi bağı qırmaq, sıradan çıxarmaq idi. Qurultayın hazırlanmasında Türk olmayan, bu dildən anlayışsız, türk dilinin fonetik, morfoloji qayda- qanunlarından bixəbər rus professorlarının, mətin kommunist propoqandaçıların, partiya işçilərinin fəaliyyətini ciddi tənqid edən M.Ə. Rəsulzadə Azərbaycanın Muğan çöllərinə rus köylülərinin, işçi sinfinin köçrülməsini, bütün yüksək vəzifələrdə erməni və rusların üstünlük təşkil etdiyinin səbəbini soruşur və çavab istəyirdi.Yüz illər boyu ərəb əlifbasında çap edilən milli-mədəni sərvətimiz olan kitabların, bədii-tarixi ədəbiyyatın taleyi də Rəsulzadə və silahdaşlarını narahat edirdi.

Azərbaycan mühacirət mətbuatı Bakıya səfər edən Türkiyə nümayəndə heyyətini, Ə. Hüseynzadə və F. Köprülünü susqun davranışlarını tənqid edir, rus əsarətində olan türklərin taleyi ilə bağlı narahatlıqlarını dilə gətirməməkdə, ruslaşdırma siyasəti əleyhinə bir kəlmə belə etiraz etməmələrinə, ərəb əlifbası tərəfdarı olduqları halda fikirlərini Azərbaycan mətbuatında və müzakirələrdə gizlətmələrini qınayırdı. Hətta, Lenin və onun Çara terror təşkil edən, terror baş tutmadığından dar ağaçından asılan qardaşı haqqında hörmətlə danışmalarına irad bildirir, qınayırdılar. Ə.Hüseynzadəyə Qurultayda çıxış imkanı verilməsə də, "Kommunist", "Yeni yol", "Yeni fikir" qəzetləri öz səhifələrində bu böyük şəxsiyyətin müsahibələrinə səxavətlə yer verirərək, kommunizmin faydalı siyasi quruluş olması haqqında kiçik bir fikir almalarına çalışırdılar. Qurultay iştirakçılarına verilən ziyafətfə Ə. Hüseynzadə "Böyük Okyabr İnqilabının" sərkərdəsi Lenin haqqında kiçik bir xatirə danışması bolşevik təbliğatçılarına bu faktdan sui-istifadəyə imkan verdi. Peterburqda Leninin qardaşı ilə birgə ali təhsil almasını xatırladan Ə. Hüseynzadənin bu söylənişi sovet mətbuatı ilə yanaşı Azərbaycan mühacirət mətbuatını da "silkələdi".

M.Ə. Rəsulzadə və silahdaşlarının I Bakı Türkoloji Qurultayı və qəbul olunan qərarlarla bağlı mövqeyini İstanbulda nəşr olunan "Yeni Qafqasiyyə" dərgisində çap olunan bir məqalədə aydın görmək olar. "Yeni Qafqasiyyə" dərgisinin 14 aprel 1926-cı il tarixli sayında dərç olunan "Bakı Türkoloji Konqresi münasibəti ilə" adlı məqaləsini sadələşdirilmiş variantda oxuçulara təqdim edirəm.

Bakı Türkoloji Konqeresi münasibəti ilə 

Rus mütəxəssislərinin qurultayı, qazanan islahatçıdırmı? 

Türkiyə nümayəndələrinin fəaliyyəti, Köprülüzadənin bir nitqi

Bakıda keçiriləcəyini əvvəlcədən xəbər verdiyimiz Türkologiya qurultayı fevralın 26-da açılaraq, 4 mart tarixində sona çatmışdır. Sovet İttifaqının hakimiyyəti altında olan, zahirən “respublika” və “muxtariyyət” adları ilə Rusiyanın tərkibində bir vilayət kimi idarə edilən müxtəlif türk ölkələrindən, əsasən kommunist partiyasının nümayəndələrindən və müxtəlif elm müəssisələrinin təmsilçilərinin iştirak etdiyi bu qurultaya çoxlu rus professor və məmurları da qatılıb. Qurultayda Türkiyədən iki professor, Macarıstandan bir, Almaniyadan isə bir mütəxəssis qonaq qismində iştirak etmişdir.

Qurultayın gedişi, təxmin etdiyimiz kimi, rus professor və məmurlarının üstün təsiri altında olmuşdur. Əlifba kimi mühüm və həyati məsələlərdə belə, rəhbər və yol göstərən rolunda rus professorları çıxış etmişlər.

Beləliklə, bu qurultaya Türkologiya qurultayından daha çox “Rusiya mütəxəssisləri qurultayı” adı verilsəydi, daha münasib olardı.

Avropa misirşünaslarının Misirdə toplaşaraq qurultay keçirməsi bu toplantını nə dərəcədə “Misir qurultayı” edirsə, rus professorlarının Bakıda toplanması da bundan daha artıq dərəcədə Türk qurultayı sayıla bilməz.

İstanbul qəzetlərindən biri Bakı qurultayından bəhs edən məqaləsinə “Türk elləri ilk dəfə bir araya gəlib, milli irslə bağlı məsələləri həll edirlər” adında bir başlıq qoymuşdu. İstanbul qəzetindəki məqalənin məzmununa uyğun gəlməyən bu başlıqla əlaqədar olaraq, Rusiyadakı kommunist qəzetlərinin Bakı qurultayına belə bir məna verməkdə ciddi şəkildə israr etdikləri görünür.

Lakin biz qurultayın türk ellərinin nümayəndələrindən təşkil olunmuş bir platforma olduğunu qəbul etməyə hazır deyilik. Onun Azərbaycan paytaxtında keçirilməsi və müxtəlif türk respublikaları ilə muxtar qurumları adından gəlmiş nümayəndələrdən təşkil olunması, qurultayın türk düşüncəsinin, elminin və idrakının məhsulu olmasını təmin etmir.

Bakı qəzetlərində çap olan məlumatlar onu göstərir ki, qurultay bir-birindən fərqli rus professorlarının fikirlərini dinləməklə və onların rəhbərliyi altında işləməklə məşğul olmuşdur.

Saf elmi metodlara aid məsələlərdə Bartold kimi məşhur professorlara haqq qazandırılmasını anlayışla qarşılayarıq. Lakin əlifba məsələsi kimi türk xalqını bilavasitə maraqlandıran həyati bir məsələdə rəhbərliyin adı məlum olmayan bir rus professoruna keçməsinə qədər türk aydınının bu qurultayda lal rol oynadığını göstərən bir hadisə ola bilməz!

Latın əlifbası məsələsi

Latın hərflərinin qəbul edilməsi haqqında qurultayda aparılan müzakirələr, görünür, latın əlifbasının əleyhdarlarını danışdırmamaq üçün süni şəkildə yaradılmış bir şəraitdə keçirilmişdir.

Bir tərəfdən Moskva və Petroqrad müəssisələri adından gələn nümayəndələrin əksəriyyəti latın əlifbasını müdafiə edirdi. Sonra ədəbi və tarixi irsi olmayan Osetin, Qaraçay, Çeçen kimi xalqların nümayəndələri də təbii olaraq bu cərəyana qoşulurdular. Çünki öz dillərində yeni yazmağa başlayan bu xalqlar üçün latın əlifbasını qəbul etmək o qədər də çətin məsələ deyil.

Azərbaycan nümayəndələrinin əksəriyyəti də bu cərəyanı müdafiə edirdi. Çünki onlar burada hakimiyyət başına keçmiş bolşeviklərin latın əlifbasının tətbiqi ilə özlərinin dərhal oxuyub-yaza bilən insanlara çevriləcəkləri düşüncəsi ilə hərəkət edirdilər.

Lakin kommunist diktaturası şəraitində toplanan bu qurultayda mətbuatda dər-mərc olan, yəni bütün həyatı boyunca bu məsələ ilə bağlı düşünən insanların keçmişlə hesablaşmaq məcburiyyətində olduqları da nəzərə alınmalıdır.

Bu qrupa görə, latın əlifbasının əleyhinə çıxmaq böyük inqilabın əleyhinə çıxmaq deməkdir və bunlar arasında heç bir fərq yoxdur.

Ərəb əlifbasının tərəfdarı olmaq isə irticaya kömək etmək deməkdir.

Krım və Tatarıstan kimi iki respublikanın rəsmi nümayəndələri olduğu halda, ərəb əlifbasının islahının tərəfdarı olanların Sovetlər daxilindəki türklər arasında çoxluq təşkil etdiyi halda , qurultayda latın əlifbasının lehinə çıxış edənlərin sayı cox deyildi. Qurultayda iki yüzdən çox nümayəndə iştirak edirdi.

Qəbul edilən qərarın yalnız qurultay üzərində hökm edən qrupun təsiri ilə izah etmək mümkündür.

Bununla belə, ərəb əlifbasının islahı lehinə səs verənlərin və bu məsələdə müdafiə mövqeyi tutanların, xüsusilə Kazan türkləri və Tatarıstan nümayəndələri olduqları üzərində bir qədər dayanmaq lazımdır.

Əldə etdiyimiz məlumatlara görə, Kazan mətbuatı islah edilmiş ərəb əlifbasını böyük həvəslə müdafiə edirmiş. Buna ərəb əlifbası demək də tam doğru deyil. Bu əlifba xalq tərəfindən mənimsənilmiş, milliləşmişdir. Bu hadisənin izahı diqqətəlayiqdir. Ərəb əlifbasına tərəfdarlığın səbəbi Kazanda daha güclüdür.

Bizcə, bunun iki mühüm səbəbi vardır.

Birincisi, Kazan türkləri arasında savadlı insanların sayı Rusiyanın digər türk ellərinə nisbətən daha çoxdur. Köhnə mədrəsə məktəblərinin bu məsələdə rolu az deyil. Sonrakı çarizm dövründə Türküstan və Qafqaz bölgəsi “zemstvo” adlanan yerli idarələrdən məhrum olduğu halda, Volqaboyu türkləri bu idarələrdən istifadə edirdi.

1905-ci il hadisələrindən sonra kəndlərdə türk (tatar) dilində tədris aparan ibtidai məktəblər geniş yayılmağa başlamışdı. Orada savadlıların nisbəti kifayət qədər yüksək idi və Volqaboyunda nəşr olunan türk dilində kitab və qəzetlərin satışı Rusiya türkləri arasında mühüm bir yer tuturdu.

Bu amilin ərəb əlifbası ilə tatar kütləsi arasında daha səmimi bir bağlılığın yaranmasına səbəb olduğunu qəbul etmək məcburiyyətindəyik.

Sonra bolşevik hakimiyyəti altında olan Kazan mətbuatı bundan beş il əvvəl əlifbanı islah etmişdi. Ərəb əlifbası ilə çap və nəşrə başlanmışdı.

Bizcə bunun iki mühüm amili vardır. Birincisi, Kazan türkləri arasında savadlı insanların sayı Rusiyadakı digər Türk bölgələrinə nisbətən çoxdur. Qədim mədrəsə məktəblərinin bu məsələdə gördüyü xidmət diqqətdən kənarda qala bilməz. Sonra çarizm dövründə Türküstan ilə Qafqaz "zemstvo" (yerli özünüidarə) adlanan yerli idarələrdən məhrum olduğu halda, Volqaboyu bu idarələrdən istifadə edirdi. 1905-ci il dəyişikliklərindən sonra kəndlərdə Türkçəni (Tatarcanı) tədris edən ibtidai məktəblər coxalırdı. Orada oxumaq nisbəti böyük idi və Volqaboyunda çıxan Türkçə kitabl və qəzetlərin satışı Rusiya türkləri arasında mühüm bir yer tuturdu. Bu amilin ərəb əlifbası ilə Tatar oxucusu arasında daha səmimi bir əlaqənin qurulmasına səbəb olduğunu qəbul etmək zərurəti vardır.

Sonra Bolşevik idarəsi altında bulunan Kazan mətbuatı bundan 5 il əvvəl islah olunmuşdur. Ərəb əlifbası ilə çap olunmağa və nəşr edilməyə başlanmışdır. Kəskin surətdə dəyişən yeni imla Ərəb əlifbasına aid olunan çətinlikləri feylən (əməli olaraq) aradan qaldırmış, oxucu kütləsinə Latın əlifbasının tətbiqindən gözlənilən faydanın Ərəb hərfləri ilə də təmin ediləcəyi haqqında müsbət bir nəticə göstərmişdir. Buna görə də Qazanda Latınçılıq təbliğatı tərəfdar tapa bilməmişdir. Yaxud bu cərəyan orada çox zəif qalmışdır.

Türkiyəni təmsil etmək üçün konqresdə hazır bulunan Köprülüzadə Fuad və Hüseynzadə Əli bəylərin bu məsələdə sükut etmələri (dinməz qalmaları) şübhəsiz ki, Latınçıların dəyirmanına su tökmüşdür. Məlum olduğu kimi, türkiyəli professorların hər ikisi də qənaətləri etibarilə Latın hərflərinin əleyhdarıdırlar. Belə olduğu halda, özlərinin ağızlarına su alıb tək bir kəlmə ilə olsun fikir bəyan etməmələri Türkiyədə də quvvətlənməkdə olan latınçılığa hörmətən tətbiq olunmuş bir üsul olsa gərəkdir.

Fəqət çıxardığı qərarların sözdə olsun kimsə üçün məcburi ola bilməyəcəyini bəyan edən elmi bir müəssisədə bir elm adamı kimi hazır olanların bu manevri diplomatik bir məharət kimi qəbul edilsə də, elm əxlaqının belə bir manevr ilə uzlaşmasının mümkün olmadığını əlbəttə möhtərəm professorlar da təqdir edərlər. En mühüm aktual bir məsələdə qənaətlərini söyləmək imkanında deyildilərsə, onlar bu konqresə qatılmamağı üstün tutmalı idilər. İndi isə ən mühüm bir zamanda və ən müvəqqəti bir məkanda ən səmimi qənaətlərini müdafiə etməklə bərabər, mərasim səbəbiylə işğal altında inləyən Azərbaycan Türklərinin heç də anlayamayacağı ifadələrlə bolşevik inqilabı haqqında bir sıra təriflərdə bulunmaq (Leninə və böyük qardaşına aid xatirələri yad edəcək qədər nazik və nəzakətli olmuşdurlar) ehtiyacında qalmışlar. Bu çox nəzakətli qonaqlar əcaba Azərbaycandakı vəziyyətin böyük inqilab prinsipləri ilə uzlaşmayan cəhətlərinə eyhamla da olsa işarə edə bilərdilərmi?

Köprülüzadə Fuad bəy Trabzondan keçərkən Rusiya səyahətinə aid bir konfrans vermişdir. Bu konfransında möhtərəm professor Rusiyanın Türkiyə ilə nüfuz rəqabətinə çıxdığını qeyd edərək deyir: "Ruslar Rusiyadakı türklər üzərindəki mənəvi təsirimizi yox etmək üçün əllərindən gələni əsirgəmirlər. Türk intibahındakı (oyanışındakı) elmi rəhbərliyi öz əllərinə almaq istəyirlər. Buna qarşı oyaq davranmalı, çalışmalı, elm və üsul ilə silahlanmalıyıq".

Xülasəsini nəşr etdiyimiz bu nitqi Trabzonda çıxan "Yeni Yol" qəzetindən götürən "Pravda" qəzeti elm və mədəniyyət sahəsində belə Rusiyadan bir müttəfiq deyil, bir rəqib kimi bəhs etməyi bir Türk professoruna (əlavə olaraq Rus Akademiyasının üzvünə) yaraşdırmamışdır. Moskva qəzeti Köprülü Fuad bəyin bəyanatını yozmuş, onun nitqinə sırf Türkiyə mühafizəkarlarını inandırmaq üçün belə təhrikedici bir rəng vermişdir.

Fuad bəy əfəndinin Trabzonda söylədiyi nitqin eynisini görmədik. Fəqət, "Pravda"da əks olunan hissədə professora aid edilən sözlər əslində doğrudur. Rusiya şübhəsiz ki, Türk dünyası üzərindəki Türkiyənin mənəvi nüfuzuna qarşı mübarizə aparır. Oyanan Türk bölgələrindəki mədəni və fikri həyatın idarəsini öz əlinə alaraq onu sağlam yoldan sapındırmaq, milliyyət və demokratiya ideallarından uzaqlaşdırmaq üçün elm və üsulun bütün metodlarını tətbiq etməkdən bir an belə qafil olmur. Bu məqsəd üçün Türkiyə ilə elmi, mədəni, fikri münasibətdə olmaq tavrını nümayiş etdirmək onun istifadə etdiyi ən kəskin silahdır. Diplomatiyadan istifadə edərkən ehtiyatlı olaq, yoxsa bu silahı itiləməyə kömək etmiş olarıq.

YENİ ƏLİFBANIN MAHİYYƏTİ

Bakı konqresində tətbiqi üstün tutularaq qəbul olunan latın əlifbasının mahiyyəti nədir? Bu, dəyişiklik edilmədən qəbul edilən latın əlifbasıdırmı? Yoxsa latın əsasına söykənən yeni bir əlifbadırmı? Bu sual Türkiyə latınçılarından Əli Heydər Əmir bəyi ("Vaxt" qəzeti) maraqlandırır. Onları məlumatlandırmaq üçün deməliyik ki, Rusiyadakı latınçılar qəbul etdikləri əlifbaya "Latın əlifbası" deyil, "Latın sistemi üzərində qurulmuş yeni əlifba" deyirlər. Bu yeni əlifbanın Azərbaycanda tətbiq olunan forması latın dilində qarşılığı olmayan Türk səslərinə məxsus yeni hərflərin ixtirasından ibarətdir. Mövcud latın hərflərini birləşdirmək surətiylə bir səsi 2 və ya 3 hərflə işarə etmək sistemi rədd edilmişdir.

Sovet İttifaqına daxil olan müxtəlif Türk ləhcələrinə məxsus müxtəlif əlifba ixtirasına gəlincə, latın sisteminin tətbiqi ilə istər-istəməz bu nəticəyə varılacağı təqdirdə qəbul edilməlidir. Çünki latın sistemini qəbul etmək imlada ideal hesab edilən fonetik üsulu tətbiq etməkdən ibarətdir. Fonetik üsulun dəyəri isə eşidildiyi kimi yazmaqdan ibarətdir. Türk birliyi fikrini daşımayan kommunistlərin bu üsula düzəlişlər əlavə edəcəyini gözləmək əbəsdir. Onların təqdir etdiyi vəhdət (birlik) kommunizm vəhdətidir. Bunu da Türkçə deyil, müqəddəs oktyabr dili, yəni Rus dili təmin etməkdədir. Sovet İttifaqındakı Türk bölgələri isə bu dili öyrənmək məcburiyyətindədirlər. Ruscanın ibtidai məktəblərdə belə oxunması vacibdir. Bizim Türk latınçılar əlimizdə olan silahı parçalamadan öncə bu kimi incə hesabları əvvəlcədən düşünməli idilər.

"Yeni Qafqasiyyə" dərgisi 14 aprel, 1926-cı il

P.S. Məqalə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində Azərbaycan Türk Ocağı İctimai Birliyinin "I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində" layihəsi əsasında hazırlanıb.