Şagirdlər üçün yeni alternativ dərsliklər hazırlanacaq


Təhsil Nazirliyi orta məktəblər üçün ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyir.

"Sherg.az"ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün "Ana dili" və "Həyat bilgisi" yeni ehtiyat dərslik formatında hazırlanacaq.

C.Bayramov əlavə edib ki, ibtidai siniflərdə bir sıra əsas fənn - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlər aparılıb: "Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Həmin dərsliklər sınaqdan keçirilərkən ölkədə bu sahədə fəaliyyət göstərən ekspertlər dəyirmi masalar keçirərək tövsiyələr verirlər. Təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir. Yalnız bundan sonra ehtiyat dərsliklər istifadəyə veriləcək".

Nazirin sözlərinə görə, orta məktəblərdə tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər
və tədbirlər həyata keçirilir: "2018-2019-cu tədris ilində məktəbdaxili qiymətləndirmələrin sayı azaldılıb.
Təhsil Nazirliyinin kollegiyası tərəfindən böyük summativ qiymətləndirmələrin sayı siniflər üzrə əhəmiyyətli şəkildə azalıb. Hesab edirik ki, bu, ümumi dərs yükü həcminə müsbət təsir edir".