Müəllimlərin imtahanında "yeniliklər" var
"6 gün ərzində 38 test variantında 2280 sual istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub"
Müəllimlərin işə qəbulu imtahanları davam edir. Yaşlı-başlı adamlar təhsil müəssisələrinin qarşısında sıraya düzülüb, gəncliklərini xatırlayırlar; vaxt vardı, ali məktəbə imtahan verirdik… İşə qəbul imtahanlarında bəzi neqativ hallar barədə məlumatlar var artıq. İmtahanlarda iştirak edənlər deyir ki, imtahanın gedişində kompüterdə suallar qəfil dəyişib. Bir sualı artıq cavablandırmış şəxs o sualı təkrar cavablandırmalı olub. Bu da vaxt itkisi deməkdir. Nəzarətçilər isə xahiş edib ki, bu barədə heç yerdə danışmasınlar, suallar dəyişdiyinə görə onlara əlavə vaxt veriləcək. Başqa neqativ hal isə imtahan zallarından birində baş verib. İmtahana gələn xanım boş yerlərdən birində əyləşmək istədikdə nəzarətçi «oranın sahibi var, o yer "zanit"di, adam bayıra çıxıb, gələcək». Bu nə deməkdir? Məgər imtahan zamanı kimisə çölə buraxır, təkrar içəri alırlar? Belə fikir də var ki, suallar qəsdən çətin edilir ki, 50 baldan yuxarı göstərici az olsun, müəllim ştatı azdı deyə. Müsahibə mərhələsində öz namizədləri seçilsin deyə.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlara iyulun 8-dən start verildiyini dedi:
- Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.
Hazırda 2 - ci mərhələ-test mərhələsi davam edir. Amma ilk dəfədir ki, imtahanların gedişindən ciddi şəkildə narazılıq var. Hazırda bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinə 400-dən çox şikayət daxil olub.
Narazılıqlar əsasən belədir:
1.Test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.
2.İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu, başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orda əyləşir.
3.İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orda nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır.
4.İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur.
Təqdim olunan test tapşırıqları heç bir "məntiqə" sığmır. Misal üçün, qısqanclığın rəngi nədir? İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır? Və s.
Həqiqətən də belə test tapşırıqları təqdim olunubsa, bu imtahanı təşkil edənləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmək lazımdır.
Bəs narazı insanları, haqları tapdanmış iştirakçıları necə razı salmaq olar?
1.İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kompüterinə yükləmək.
2.Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir.
3.Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.
Gələcəkdə bu kimi problemlərin baş verməməsi üçün isə:
1.MİQ imtahanın keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir və ya bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bunu daha da peşəkar səviyyədə təşkil edə bilər.
2. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır.
3. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir.
4. İmtahandan sonra apelyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.
Təhsil Nazirliyi tərəfindən də təsdiq olunur ki, imtahanların davam etdiyi 6 gün ərzində 38 test variantında 2280 sual istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Eyni seansda təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib. Bu, ümumi sualların 0, 35 faizini təşkil edir.