Məktəblərdə təşkil olunacaq robototexnika kursları nə vəd edir ? – İZAH

 “Robototexnika kurslarını orta təhsil müəssisələrində fizika və informatika fənnlərini tədris edən müəllimlərə həvalə etmək səmərəsiz olar” 

“Ona görə də, təklif edirəm ki, respublikada robototexnika biliklərini maksimum şəkildə bilən müəllimlər müəyən olunub, həmin kurslara cəlb olunsun


Xəbər verdiyimiz kimi, Azərbaycanda 2019-2020-ci tədris ilində 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq. 
Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayevin sözlərinə görə, bu kurslar 5000-dən artıq şagirdi əhatə edəcək. 
Kursların təşkilində məqsəd şagirdlərin müasir robototexnika biliklərinə sahib olmağı sürətləndirməkdir.

Məsələyə münasibət bildirən əməkdar müəllim, təsil eksperti Almaz Həsrət “Sherg.az”a söyləyib ki, Təhsil Nazirliyinin bu təşəbbüsü çoxdan gözlənilən bir addım idi:

“Şagirdlərin daim yeni bilik və bacarıqları öyrənməsi cəmiyyətimiz üçün vacibdir. Məktəblərimizdə bəzi fənnlər tədris olunur. Həmin dərslərdən də şagirdlər yalnız nəzəri biliklərə yiyələnir, praktiki biliklərdən isə uzaq qalır. Amma 2019-2020-ci tədris ilində şagirdlər üçün robototexnika kurslarının məktəblərə gətirilməsi gələcəkdə gənclərimizin bu sahədə ixtisaslı kadrlara çevrilməsinə şərait yaradacaq.  Hazırda bütün sahələr inkişaf edir və bu inkişaf davam etdikcə daha çox robototexnika bilikləri lazım olur.

Fikrimcə, bu sahənin inkişafı gələcəkdə şagirdlərimizin orta məktəblərdən yiyələndiyi bilik və bacarıqlarından istifadə edərək yaradacağı bir texniki avadanlıq, qurğu bizim öz məhsulumuz olacaq. Eyni zamanda həmin kursları mütəxəssis, bu sahənin peşəkarı olan müəllimlərin tədrisinə də fikir vermək lazımdır.

Yəni, robototexnika kurslarını orta təhsil müəssisələrində fizika və informatika fənnlərini tədris edən müəllimlərə həvalə etmək səmərəsiz olar. Ona görə də, təklif edirəm ki, respublikada robototexnika biliklərini maksimum şəkildə bilən müəllimlər müəyən olunub, həmin kurslara cəlb olunsun. O zaman müəllim robototexnika sahəsindəki biliklərini asanlıqla şagirdlərə öyrədəcək”. 

A.Həsrət onu da əlavə edib ki, Azərbaycanda bir neçə dəfə robototexnika ilə bağlı kurslar olub, indi də var:

“ Amma həmin kurslar Təhsil Nazirliyinin nəzdində olmayıb. Hazırda da bəzi təhsil mərkəzləri məktəbdənkənar robototexkina kursları təşkil edirlər.

Bu sahəyə marağı olan şagirdlərdə gedib, orada dərslərdə iştirak edirlər.

Lakin artıq bu sahə bəzi məktəblərdə tədris olunacaq.

Məncə, Təhsil Nazirliyinin bu qərarı yerində və təqdirə layiq bir addımdır.

Əminəm ki, şagirdlərimiz bu kurslara qatılmaqla oxuduğu fənnləri bu sahədə təcrübədən keçirəcək. Bütün bu proseslər də onlarda oxumağa stimul yaradacaq”.