Ekspertdən mühüm təklif: “...Təhsil idarəçiliyi kimi ixtisaslar da olsun !”

Kamran Əsədov: “Həmin ixtisasları bitirənlər məktəb direktoru, direktor müavini vəzifələrində çalışa bilərlər”



Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müəllimlərin ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə qəbul imtahanlarının şəffaf təşkil edildiyini deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında imtahan prosesini müsbət qiymətləndirdiyini söylədi:

“2009-cu ildən etibarən orta ümum təhsil məktəblərinə müəllimlərin, 2015-ci ildən etibarən isə orta ümum təhsil məktəblərinə direktorların işə qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir. Bu, olduqca müsbət bir addımdır. Ən azından ona görə ki, prosesdə şəffaflıq təmin olunub. Həmçinin kimlərsə təyinat yolu ilə yox, müsahibə və müsabiqə yolu ilə işə qəbul edilir. Yəni, onlar ən azından təhsil qanunvericiliyi, məntiq və dünyagörüş kimi bilik və bacarıqlara malik olurlar. 

Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı 4472-dir. Bu, təhsilimizin ən ağrılı və problemli yeridir. Məktəblərdə müasir tələblərə cavab verən şəxslər direktor olmalıdır. Amma proses yalnız müsahibə və müsabiqə mərhələsindən ibarət olmalı deyil. Kimlərin ki, direktor vəzifəsinə bilik və bacarıqları yoxlanılır, daha sonra onları bir neçə müddətlik təlimlərə cəlb etmək lazımdır.

Düzdür, hazırda Təhsil Nazirliyinin bu imkanları yoxdur. Amma ən azından yaxın gələcəkdə direktorlar üçün 3-5 aylıq kurslar təşkil edilməlidir ki, onlar işə qəbul edildikdən sonra sənədələşmə və qiymətləndirmə prosesində, idarəçilikdə müəyyən biliklərə malik olsunlar. Hazırda direktor vəzifəsinə orta məktəb təhsil sistemində çalışan müəllimlər namizəddirlər. Amma bütün hallarda prosesin özünün daha da genişlənməsinə ehtiyac var”. 

Ekspertin fikrincə, yaxşı olar ki, gələcəkdə ali təhsil müəssisələrində müəllimliklə yanaşı təhsil idarəçiliyi kimi ixtisaslar da olsun:

“Həmin ixtisasları bitirənlər məktəb direktoru, direktor müavini kimi vəzifələrdə çalışa bilərlər. Necə ki, məktəb psixoloqu, loqoped və.s ixtisaslar var. Eyni zamanda bu ixtisaslar arasında məktəb idarəçiliyi ixtisası da olmalıdır. Ümumilikdə imtahan prosesinin təşkil edilməsinə şəffaflıq var. Prosesi müsbət qiymətləndirirəm və inanıram ki, 3 il ərzində seçilən direktorlar məktəb və təhsil sisteminə yeni nəfəs gətirəcəklər”.