"İçim yanır!!!” – Rəşad Məcidin qaldırdığı məsələyə ciddi reaksiya

Rəşad Məcid: “Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir”
Fazil Mustafa: “Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”
Sahib Məmmədov: “Dövlət bu halda ən azı faizsiz və uzunmüddətli tələbə krediti verilməsini təmin edə bilər” 
Aqşin Yenisey: “Biz təhsilə münasibəti kökündən dəyişməliyik, həm də Skandinaviya ölkələri kimi inqilabi yolla” 
Əhməd Qəşəmoğlu: “Çalışmalıyıq ki, Rəşad bəyin bu mütərəqqi çağırışının bir bəhrəsi olsun. Kasıb adamın övladının təhsil almasına göstərilən yardımdan böyük savab ola bilməz. Çünki bir çoxları boğazından kəsir, saxladığı heyvanı, yumurtanı, toyuğu satır ki, övladının təhsil haqqını ödəsin”


525-ci qəzetin baş redaktoru Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini gündəmə gətirib. O, Feysbuk hesabında status yazaraq bildirib ki, bu günlərdə tələbələrdən biri magistratura imtahanında uğur qazansa da, təhsil haqqını ödəyə bilmir:
“Təhsil haqqına görə, qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir. 
İndi bir fakültə dekanının fikirlərini də oxudum: “İki tələbəm Magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!!!”.
Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. ( Baxmayaraq ki, Universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər). 
Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxlər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.
Qarşıdan Qurban bayramının yaxınlaşdığını qeyd edən baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:
“Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O “qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz!  Qurbanlarınız mübarək!”.
İctimaiyyət nümayəndələri mövzu ilə əlaqədar çağırışa qoşublar. Millət vəkili Fazil Mustafa təhsil kreditlərinin verilməsi məsələsini xüsusi vurğulayıb:
“Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
“Rəşad Məcid ciddi bir problemə toxunub. Ödənişə görə təhsili davam etdirə bilməyən tələbə adını qazanmış şəxslərlə bağlı. Nə qədər insan seçdiyi həyat yolunu cüzi məbləğə görə davam etdirə bilməyəcək”. 
Bu sözləri isə tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O, qeyd edib ki, dövlət bu halda ən azı faizsiz və uzunmüddətli tələbə krediti verilməsini təmin edə bilər:
“O qədər də böyük vəsait etməyəcək. Həm də bu xərc geri qayıdacaq, istər pul şəkilində, istərsə də digər şəkildə. Bəlkə bir təşəbbüs göstərək?”.
Tanınmış şair Aqşin Yenisey də mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb: 
“Mən o gənci və gələcəyini onun kimi bizim universitetlərimizin verdiyi biliyə ümid olan digər gənclərimizi aldatmaq fikrində deyiləm. Təkcə qurbanlıq qoyunların deyil, istənilən məməlinin başına pul səpən imkanlı şəxslərimiz pul versələr belə gənclərimizə o pulu xarici univetsitetlərdə təhsilə yatırmağı məsləhət görərdim. Bu, indiki halda həm onların, həm Azərbaycanın xeyrinə olar. Bir il vakansiya saytlarının birində işləmişəm, Azərbaycanda iş görən xarici şirkətlər yüksək maaşla işçi elanları verirdilər, bizim universitetləri bitirən mütəxəssislər o ixtisasların adını belə bilmirlər. Tanıdığım nə qədər ali təhsilli dostum var, heç birinin təhsili o yüksək maaşlı işlərə kara gəlmədi. Biz təhsilə münasibəti kökündən dəyişməliyik, həm də Skandinaviya ölkələri kimi inqilabi yolla. 
Azərbaycanda elm heç vaxt elmlə məşğul olmayıb, heç vaxt da elmi əhəmiyyətinə görə qiymətləndirilməyib. Bizdə elmin əhəmiyyəti onun ictimai faydası, xeyir-şər funksionallığı ilə ölçülür, bir növ, modern din kimi bir şeydir. Rəşad Məcidin kömək etmək istədiyi gənc bizim universiteti bitirib uzaqbaşı yaxşı ailə başçısı olacaq, bir az qocalandan sonra da AMEA-nın prezidenti kimi başlayacaq Ətağa vasitəsilə allahla ünsiyyət saxlamağa. Bu yaxınlarda hamının şahidi olduğu faciəvi bir hadisəni nümunə göstərəcəyəm. Dənizə düşən pilotumuzu axtarmaq üçün Azərbaycan türk mütəxəssislərə müraciət etdi. Adam bu xəbəri oxuyanda istər-istəməz özünə sual verir, əgər bir dalğıc lazım olanda qonşuya ağız açacağıqsa, onda Azərbaycan Dövlət Dənizçilik Akademiyasına nə üçün büdcədən pul ayrılır? Və nə üçün hansısa imkanlı şəxs kefindən kəsib o universitetə verməlidir ki, tələbə oxutdursun?”.
Sosioloq-alim Əhməd Qəşəmoğlu baş redaktorun çağırışını alqışladığını bildirdi:
“Həqiqətən də təhsil haqqını ödəyə bilməyən tələbələrə bir yol tapmaq lazımdır. Biz milli və müstəqil dövlətiksə, ölkənin keyfiyyətli və qabiliyyətli gənclərinin potensialından daha çox istifadə etməliyik. Bunun üçün də onların inkişafına kömək etməliyik. Bütün dünyada gedən proseslər onu göstərir ki, hər bir ölkənin ən böyük sərvəti onun təhsilli və istedadlı vəətndaşlarıdır. Çalışmalıyıq ki, təhsil sahəsində istedadlı adamlarımıza yaşıl işıq yandıraq. Tələbə magistraturanı qazanıbsa, deməli o qabiliyyətli biridir. Ümumiyyətlə, qabiliyyətli gənclərimiz çoxdur. Mən özüm dərs deyəndə görürəm ki, bəzi tələblər dərs zamanı yuxulayırlar. Nə üçün yuxuladıqlarını soruşanda isə deyirlər ki, “gecəni səhərə qədər işləmişəm”. Bu vəziyyət olduqca ürəkağrıdıcıdır. Milli və müstəqil dövlətik, ölkəmizə nə qədər pul gəlir, belə bir şəraitin olması heç arzuolunan hal deyil. Bu problemin həlli üçün müxtəlif yollar var. Dövlətin böyük təhsil fondu yaradıla bilər və bu fond şəffaf işləməlidir ki, yüksək bal toplayan gənclərin maddi durumu zəifdirsə, onlara kömək edilsin. Problemin başqa çıxış yolu yoxdur”. 
Sosioloq hazırda təhsil haqlarının çox yüksək olduğunu dedi:
“İmkanı olmayan insanlar bu pulu necə ödəsin?. Sosioloji təhlillər aparsaq, bu sahədə çox utancverici mənzərənin şahidi olarıq. Belə çıxır ki, yoxsul adamların təhsil almasına məhdudiyyətlər qoyulur. Böyük akademiklərin tərcümeyi halına baxsaq görərik ki, onların çoxusu kasıb ailədən çıxıb. Bununla da sovet höküməti özü üçün böyük kadrlar yetişdirdi. Biz isə müstəqil dövlətik və bu məsələni gündə qabartmalıyıq ki, istedadlı gənclərimizə mane olan səbəblər ortadan götürülsün. 
Çoxları dini çağırışa əməl edərək qurbanlar kəsir. Hollandiyada yaşayan tələblərimizdən öyrəndim ki, orada kilsənin böyük bir fondu var. Həmin kilsə nəinki xristianlara, həmçinin müsəlmanlara da köməklik göstərir. Ona görə də bu sahədə olan tədbirlərin, qurban kəsməklərin özünün təhsil fonduna istiqamətlənməsi üçün bəzi işlər görmək olar. Çalışmalıyıq ki, Rəşad bəyin bu mütərəqqi çağırışının bir bəhrəsi olsun. Kasıb adamın övladının təhsil almasına göstərilən yardımdan böyük savab ola bilməz. Çünki bir çoxları boğazından kəsir, saxladığı heyvanı, yumurtanı, toyuğu satır ki, övladının təhsil haqqını ödəsin”.