"Pulluya qəbul oldum, ödənişi edə bilmirəm" - Yüzlərlə kasıb tələbə təhsil kreditini gözləyir

"Tələbə kreditlərinin verilməsində məqsəd təhsil almaqda yardımçı olmaqdırsa, şərtlər yüngül, əlçatan, faiz dərəcələri aşağı olmalıdır"



Ali məktəbə daxil olmuş abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 85 faizi qeydiyyatdan keçib artıq. Bu, birinci mərhələdə qəbul olunanların qeydiyyatıdır. Ali təhsil müəssisəslərinin boş qalan yerlərinə qeydiyyat isə  sentyabrın 2-dək davam edəcək. Abituriyent çalışmalıdır ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçsin, əks halda onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək
Məsələ burasındadır ki, bəzi hallarda abituriyentlər təhsil haqqını ödəmək iqtidarında olmadığından  ödənişli ixtisasları seçə bilmirlər. Dövlət sifarişli plan yerləri isə məhdud saylı olduğundan, boş qalan yerlər ödənişli ixtisaslar olur.   
Xatırladaq ki, bir müddət əvvəl təhsil naziri Ceyhun Bayramov Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı layihənin hökumətə təqdim ediləcəyini bildirmişdi.  Nazir xatırlatmışdı ki, 2015-ci ildən “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb və hazırda fond bir necə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.
Lakin yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil:
"Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. Tələbə kreditləri digər kreditlərdən fərqli şəkildə verilməlidir. Onlar daha uzunmüddətli olmalıdırlar. Həmin sistemin qurulması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, dövlətin dəstəyi hər zaman bu sistemin üzərində olur. Bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılan işçi qrup çox sürətlə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Düşünürük ki, 2019-2020-ci tədris ilində Azərbaycanda artıq işlək tələbə kredit sistemini yaratmaq mümkün olacaq".
Maliyyə naziri Samir Şərifov isə 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı:
"Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".
İqtisadçı Natiq Cəfərli «Şərq»ə açıqlamasında tələbə krediti şərtlərinin ağır olduğunu bildirdi:
- Əgər tələbə kreditlərinin verilməsində məqsəd tələbələrə təhsil almaqda yardımçı olmaqdırsa, o zaman şərtlər yüngül, əlçatan olmalıdır. Faiz dərəcələri aşağı olmalıdır. Bundan başqa, şərtlərdə valideynin təqaüdçü, yaxud əlilliyə görə müavinət alan olması da nəzərə alınmayıb. Halbuki, ölkəmizdə əlilliyə görə və ya əmək fəaliyyətinə görə təqaüdə çıxanlar var. Başqa bir problem tələbənin həmin krediti ödəmək imkanında olub-olmayacağıdır. Azərbaycanda əmək bazarının vəziyyəti bəllidir. Gəlirli, yüksək əmək haqqısı olan sahələr məhduddur. Ya dövlət qulluğudur, ya da bank sektoru. Amma hər ikisində də əməyin optimallaşdırılması proqnozları verilib. Yəni ixtisarlar labüddür. Bunu artıq müşahidə edirik. Bank sektoru çöküş vəziyyətindədir. Dövlət qulluğuda isə ixtisarlar, fəaliyyət növlərinin birləşdirilməsi və ya ixtisarı prosesi gedir. Bəs bu tələbə sabah ali məktəbi bitirdikdən sonra harada işləyəcək, nə qədər əmək haqqı alacaq ki, «boynundakı» krediti də ödəyə bilsin? Böyük ehtimalla bu gün borclanan tələbə sabah borcunu qaytara bilməyəcək".
N.Cəfərli qeyd etdi ki, hazırda Avropada, ABŞ-da, Türkiyədə də ödənişsiz təhsil, həmçinin tələbələrə «burs» ödənməsi ənənəvi hal alıb:
- Məsələn, Almaniya artıq bütünlüklə ödənişsiz təhsilə keçib. Bütün tələbələr pulsuz təhsil alacaqlar. Hətta Azərbaycandan Almaniyaya təhsil almağa gedən gənclərimiz var ki, onlara da ödənişsiz təhsil şamil olunur. Bilirsiz, dünya ölkələrində təhsilə yanaşma ilə Azərbaycanın yanaşma tərzi çox fərqlidir. Avropada, Türkiyədə biliyi zəif məktəbli ali məktəbə daxil olmağa can atmır. Almaniyada son statistik rəqəmlər göstərib ki, avtomobil ustasının illik gəliri həkimdən daha çoxdur. Yəni insanın yüksək gəlir əldə etməsi üçün onun hansısa ali məktəbi bitirib dövlət qulluğunda, yaxud hansısa özəl klinikada çalışması şərt deyil. Normal əmək bazarı, normal rəqabət mühiti olduğundan bacarıqlı insan istənilən sahədə gəlir ələd edib normal şəraitdə yaşaya bilir. «Burs» anlayışı deyilən bir şey də var. Bu o deməkdir ki, yaxşı tələbə həmişə pulsuz oxuyur. Böyük fondlar, şirkətlər, holdinqlər yaxşı oxuyan tələbələrə dəstək olur, şirkətlər tələbə «ovu»na çıxır, təhsil haqqını ödəyir, şərt də bu olur ki, azı 5 il həmin şirkətlərlə əməkdaşlıq etməlisən. Tələbə də buna iki əlli razılaşır, çünki həm təhsil haqqı ödənmiş olur, həm də azı 5 il iş yeri təminatı almış olur. Həmin şirkətlərə də vergi güzəştləri edilir. Azərbaycanda isə belə şərait yoxdur. Əvvəlcə, gərək azad bazar münasibətləri formalaşsın, sağlam rəqabət mühiti yaransın ki, yaxşı oxuyan, savadlı, bilikli tələbələrin də gələcəkdə iş yeri tapmaq imkanları olsun.Avropada da tələbə kreditləri var, amma cəmi 2 faiz dərəcəsi ilə. Həm də 20 illik. Ancaq təsəvvür edin ki, tələbələr buna razılaşmır. Bizdə isə 10 il müddətinə 8 faiz dərəcəsi tətbiq edilir. Bu, absurddur. Normal adam buna getməz. Çünki ödəmək iqtidarında olmayacağını bilir. Ali təhsilin əlçatanlığının təminini istəyiriksə, optimal qərarlar qəbul edilməlidir. Elə qərarlar ki, aztəminatlı ailələrin övladları da ödənişli ixtisasları seçə bilsin.