Feysbuk sosial şəbəkəsində “Grammar Azi” səhifəsi fəaliyyətə başlayıb. Səhifədə yerləşdirilən məlumatda bildirilir ki, “Grammar Azi” Azərbaycan dilinin qrammatik qaydalarının pozulmasına nəzarət edəcək. Səhifə mütəmadi sosial şəbəkələrdə, mətbuatda, müxtəlif obyektlərin adlarında yol verilmiş dil qüsurlarını görüntüləyərək paylaşacaq və sözlərin düzgün yazılış qaydası haqda məlumat verəcək.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şəbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva “Şərq”ə açıqlamasında bildirdi ki, Azərbaycan dilinin qrammatik kateqoriyalarını tənzimləyən, ətraflı tədqiq edən dilçilərimiz var:
"Dilçilikdə qəbul olunmuş ənənəvi konsepsiyalar mövcuddur. Onları dəyişmək, nəsə əlavə etmək lazım deyil, heç mümkün də deyil. Misal çəkim; ismin 6 halı ətrafında çox danışmaq olar, amma sonda yenə də 6 hal üzərində dayanacağıq. Çünki kök bu 6 haldır. AMEA-nın Dilçilik İnstitutu tərəfindən 2012-ci ildə nəşr edilmiş Orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda istifadə olunan da bu lüğətdir. İndi biz Translitirasiya lüğəti üzərində işləyirik. Toponimlərin, xüsusi adların yazılışı qaydaları orada əksini tapacaq. Həmçinin Orfoepiya lüğəti üzərində də iş gedir. Kimin nə yazmasından asılı olmayaraq qəbul olunmuş, təsdiqlənmiş qaydalara riayət edilməlidir. Düzdür, dilimizə yeni sözlər daxil olur. Lakin bu, sadəcə inteqrasia prosesi ola bilər. Dildə süni dəyişiklik heç vaxt nəticə vermir.
Hazırda müxtəlif saytların dilçiliklə bağlı xidmətlər təklif etməsinə gəlincə, S.Əliyeva vətəndaşlara rəsmi şəkildə təsdiq olunmuş Orfoqrafiya lüğətinə istinad etməyi məsləhət gördü.